Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün adı “arzuolunmaz şəxslər” siyahısına salınan alman parlamentar Azərbaycana müraciət edib

Yurgen Klimke Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və işğal olunmuş ərazilərə səfərindən təəssüf hissi keçirdiyini söyləyərək adının siyahıdan çıxarılmasını istəyib…

Yurgen Klimke Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və işğal olunmuş ərazilərə səfərindən təəssüf hissi keçirdiyini söyləyərək adının siyahıdan çıxarılmasını istəyib

 

 

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycanın “Dövlət sərhədi haqqında ” qanununu pozan və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilən Almaniya Federativ Respublikası Bundestaqının deputatı Yurqen Klimke adının bu siyahıdan çıxarılması xahişi ilə yazılı şəkildə müraciət edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin açıqlamasında deyilir.

 

 

E. Abdullayev bildirib ki, Y. Klimke müraciətində 2013-cü ilin sentyabrında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfərinin əvvəlcədən planlaşdırılmış xarakter daşımadığını və bu səfərin doğuracağı nəticələr barəsində məlumatlı olmadığını söyləyərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində tanıdığını və işğal olunmuş ərazilərə səfərindən təəssüf hissi keçirdiyini vurğulayıb. Y. Klimke gələcəkdə Azərbaycan Respublikası ilə razılaşdırmadan işğal olunmuş ərazilərə səfərdən çəkinəcəyini deyərək adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını xahiş edib.

Azərbaycan XİN-in mətbuat sözçüsü bəyan edib ki, Y. Klimkenin müraciətinə müvafiq qaydada baxılacaq.

 

/Apa/