“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma cinayətkar rejimin qeyd etdiyi “müstəqillik günü” ilə bağlı bəyanat yayıb.
İcmadan “Report”a daxil olan bəyanatda deyilir:
“Ermənistan KIV-lərində yayılan məlumata əsasən, sentyabrın 2-də Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma cinayətkar rejim “müstəqillik günü” adı altında növbəti təxribat xarakterli “tədbirlər” keçirməklə məşğuldur. Cinayətkar hərbi xunta tərəfindən məsxərə xarakterli növbəti “müstəqillik günü tədbirləri”nin qeyd edilməsi bir daha təsdiq edir ki, Ermənistan və onun əlaltısı olan cinayətkar rejim münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı deyil və danışıqlara xələl gətirmək məqsədilə istənilən imkanı “hədər vermir”. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan edir ki, Dağlıq Qarabağ və işğal edilmiş ərazilərdən qovulmuş yüzminlərlə azərbaycanlının qanı bahasına və etnik təmizləmə siyasəti nəticəsində əldə edilmiş qondarma “müstəqillik” heç bir gələcək vəd etmir. Beynəlxaq təşkilatlar və dünya ictimaiyyətinin işğalın nəticələrini tanımadığı və erməni təcavüzünü pislədiyi bir şəraitdə, qondarma cinayətkar xuntanın “müstəqillik günü” qeyd etməsi, onun çıxılmaz vəziyyətdə olmasının təcəssümüdür”.
Bəyanatda qeyd edilir ki, Ermənistan işğalçı siyasəti ilə özünü iqtisadi, siyasi və s. cəhətlərdən regionda inkişafdan geri salmaqla və özünü uçuruma aparmaqla kifayətlənməyərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını aldadaraqməkrli siyasəti üçün istifadə etməkdə davam edir: “Erməni icması bu yalançı və saxta “matriks”dən azad olmalı və yeganə çıxış yolu olan – azərbaycanlı icma ilə bir yerdə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ədalətli və daimi sülhün bərqərar olması üçün addım atmalıdır. Dünya ictimaiyyəti münaqişə üzrə danışıqlarda indiyə qədər daim konstruktiv mövqe göstərən regionun lider ölkəsi olan Azərbaycanın ədalətli mövqeyi ilə təcavüzkar Ermənistanın atdığı addımları yaxşı görür. Ermənistan və xüsusilə cinayətkar xunta rejimi vəziyyəti dəyərləndirərək nəticə cıxarmalı və hesablanmamış atılan addımlara görə məsuliyyət daşıdıqlarını dərk etməlidir. Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini “möhkəmləndirmək” üçün atılan istənilən addım Ab initio beynəlxalq hüquqa ziddir və heç bir fayda verməyəcək. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal olunmuş ərazilərindən qovulmuş yüzminlərlə azərbaycanlı geri döndükdən sonra iki icmanın sülh şəraitində birgə yaşayışını müzakirə etmək olar. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq erməni icmasına səslənirik və onları tez bir zamanda əsarəti altında yaşadıqları qanunsuz cinayətkar rejimin nəzarətindən qurtulmağa və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki icmanın ədalətli və daimi sülh şəraitində birgə yaşaması üçün çağırışımızı qəbul etməyə dəvət edirik”.
Report