Siyasi partiyaların müraciətində deyilir ki, dünyanın heç bir ölkəsi və beynəlxalq təşkilatı tərəfindən tanınmayan separatçı qurumun mövcudluğu Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinin birbaşa nəticəsidir: “Təəssüf hissi ilə qeyd edirik ki, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə, Avropa Şurası və ATƏT-in müvafiq qərarlarına, Avropa Parlamentinin, Minsk Qrupunun səylərinə baxmayaraq, 20 ildən çoxdur ki, təcavüzkar Ermənistan Azərbaycan ərazilərini hələ də işğal altında saxlayır. Bu səbəbdən Azərbaycanın bir milyondan çox vətəndaşı uzun illərdir ki, məcburi köçkün vəziyyətində yaşayır və ümumiyyətlə, bölgəmiz böyük humanitar fəlakətlə üzləşib. Münaqişənin nizama salınması üçün ATƏT-in Minsk Qrupunun səylərinə, həmsədr dövlətlərin nizamasalma təkliflərinə məhəl qoymayan Ermənistanın birbaşa iştirakı ilə Dağlıq Qarabağın separatçı rejimi Cənubi Qafqaz bölgəsində təhlükəsizliyə və sülhə başlıca hədə olaraq ömrünü uzatmaqdadır. Belə bir şəraitdə Dağlıq Qarabağ separatçı rejiminin təşkil etdiyi “seçki kampaniyası” əslində beynəlxalq ictimaiyyətin nəzərində qondarma quruma legitimlik qazandırmaq cəhdindən başqa bir şey deyil”.
Müraciətdə qeyd edilir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı çevrilmiş bu hərəkət sülh danışıqlarına ciddi şəkildə mane olur və heç də xoşməramlı məqsədlərə xidmət göstərmir: “Erməni tərəfinin bütün cəhdlərinə baxmayaraq, dünya birliyi – BMT, ATƏT-in Minsk Qrupunun həmsədrləri, Avropa Şurası, Avropa İttifaqı və bir çox dövlətlər separatçıların Dağlıq Qarabağda keçirdikləri qondarma “seçkilər”i tanımadıqları barədə bəyanatlar veriblər. Lakin təəssüflər olsun ki, bəzi ölkələrin nümayəndələri “müşahidə missiyası” adı ilə ölkəmizə qanunsuz daxil olaraq Dağlıq Qarabağdakı saxta “parlament seçkiləri”ni “müşahidə” etməklə əslində separatçıların qeyri-qanuni əməllərinin iştirakçıları olmuşlar. Separatçılıq və təcavüzkarlığın birbaşa dəstəklənməsinə yönəlmiş bu cür hərəkətlər dövlətlərin qondarma “DQR”də keçirilmiş “parlament seçkiləri”ni tanımamaq barədə yaydığı rəsmi mövqeyə və beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə zidd olmaqla, bu prosesə qatılmış müşahidə missiyasının nümayəndələrini Azərbaycan cəmiyyəti üçün arzuolunmaz şəxslərə çevirmişdir”.
Müraciəti Yeni Azərbaycan, Demokratik İslahatlar, Sosial Rifah, Vətəndaş Birliyi, Ədalət, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ümid, Böyük Quruluş, Müsavat, Xalq, Vətəndaş Həmrəyliyi partiyaları imzalayıb.