Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları işğaldan azad etməyincə, Azərbaycan poçt göndərişlərinin Ermənistana çatdırılması üçün tranzit ölkə rolunda çıxış etməyəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri, Regional Rabitə Birliyinin poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov bildirib.
Məmmədovun sözlərinə görə, Azərbaycan Ermənistana ünvanlanmış poçt göndərişləri istisna olmaqla, Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzvü olan bütün ölkələrə poçt göndərişlərinin çatdırılmasını, eləcə də öz ərazisi vasitəsilə tranziti təmin etməyi öhdəsinə götürüb.
“Biz bu məsələlərlə bağlı aktları Ümumdünya Poçt İttifaqı çərçivəsində sözsüz yerinə yetiririk. Ermənistan işğal olunmuş əraziləri azad etməyincə, Azərbaycan ərazisi vasitəsilə Ermənistana poçt göndərişlərinin çatdırılması istisnadır “, – Məmmədov deyib… Trend.