Dağlıq Qarabağın statusu erməni və azərbaycanlı icmalarla birgə müəyyən olunmalıdır

Qarabağın statusu erməni və azərbaycanlı icmalarla birgə müəyyən olunmalıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın ərəb dilində yayımlanan RT telekanalına eksklüziv müsahibəsində bildirib.
“Qarabağın statusu orada birgə yaşamış erməni və azərbaycanlı icmalarla birgə müəyyən olunmalıdır, – Elmar Məmmədyarov deyib. – Biz, ilk növbədə, bunun üçün şərait yaratmalıyıq, ərazilərin işğal altında olduğu bir vaxtda erməni tərəfin israrla bəyan etdiyi statusun könüllü müəyyən olunması haqqında danışmaq mümkün deyil “.
“Azərbaycan işğal olunmuş ərazilər və qaçqınlar kontekstində əziyyət çəkən ölkə kimi bu prosesin ölü nöqtədən tərpənməsinin ən qızğın tərəfdarlarındandır “, – Azərbaycanın xarici işlər naziri qeyd edib.
Məmmədyarov deyib ki, münaqişəni bir gecəyə nizamlamaq mümkün deyil. “Ona görə də 7 il əvvəl Praqada danışqılar prosesinin növbəti mərhələsinə başlayarkən, biz anlayırdıq ki, onu mərhələli şəkildə həll etmək, yəni danışıqlar masasını münaqişənin silahlı hissəsinin ən mənfi nəticələrindən təmizləmək lazımdır “, – o əlavə edib.
“Əgər işğal olunmuş, tutulmuş, etnik cəhətdən tam təmizlənmiş ərazilər, eləcə də öz yaşayış yerindən qovulmuş insanlar varsa, onda müsbətə doğru irəliləmək və irəliləyiş əldə etmək yetərincə çətindir “, – nazir deyib… Trend.