Daşkənddəki uchildiz.uz portalında Qarabağ xalçaları haqqında rus dilində geniş məqalə yer alıb.
AZƏRTAC xəbər verir ki, materialda Qarabağ xalçaları haqqında ətraflı məlumat verilir. Bildirilir ki, bu xalılar 33 müxtəlif kompozisiyadan – “Bağçadagüllər”, “Aran”, “Buynuz”, “Bərdə”, “Bəhmənli”, ”Qarabağ”, “Qasımuşağı”, “Ləmbərani”, “Malıbəyli”, “Xanqərvəndi”, “Xanlıq”, “Xantirmə”, “Çələbi”, “Şabalıdbuta” və digərlərindən ibarətdir. Yazıda bu növ xalçalar haqqında ayrı-ayrılıqda söhbət açılır.
Bildirilir ki, Qarabağ xalçaları dörd qrupa bölünür və əsasən Şuşada, Qarabağın ətrafında, o cümlədən Bərdə, Ağdam, Cəbrayıl, Qubadlı rayonunda və Füzulinin Horadiz və digər kəndində toxunan xalçalardan söz açılır. Qarabağ xalçaları haqqında hələ X əsrdə ərəb tarixçiləri al-Muqaddasi, Masudi və digərlərinin əsərlərində rast gəlinir. XIX əsrin ikinci yarısından isə Qarabağda süjetli xovlu xalçalar toxunmağa başlanıb. “Atlı-itli”, “İtli-pişikli”, “Maral-ceyran” adlı xalçaları bu növə aid etmək olar.
Məqalə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri