Deputat: “Fransa parlamenti Qarabağ münaqişəsinin nizamlanması üçün mübadilələr arenasına çevrilə bilər”

Fransa Milli Assambleyasında (parlament) Azərbaycan ilə dostluq qrupunun vitse-prezidenti, deputat Bertran Sor“Report“un Qərbi Avropa bürosuna müsahibə verib.

– Azərbaycan və Fransa parlamentləri arasında hazırkı münasibətləri necə qiymətləndirirsiniz?

– Mən Fransa-Azərbaycan Dostluq qrupunun üzvü və eyni zamanda həmin qrupun vitse-prezidentiyəm. Bu, bizə əməkdaşlığımız, təcrübələrimiz, baxışlarımız, təşkilatı məsələlər ətrafında ikitərəfli qarşılıqlı mübadilələr aparmaq üçün geniş imkanlar verir. Hesab edirəm ki, biz parlamentarilər iki ölkə arasında diplomatiya həyata keçirmək üçün yox, ölkələrimiz arasında gözəl münasibətlərin davamlı olmasını təmin etmək üçün fəaliyyət göstərməliyik.

– Necə oldu ki, Fransa-Azərbaycan dostluq qrupuna üzv olmaq qərarına gəldiniz?

– İlk növbədə, çox az tanışlığım olan ölkəni yaxından öyrənmək istəyimdən irəli gəldi. Həmçinin Bakı haqqında reportajlara baxdıqdan sonra bu şəhəri çox bəyəndim.

– Bakını gedib gördükdən sonra o baxdığınız reportajlarda göstərilənlərlə reallıq bir-birinə uyğun gəlirdimi?

– Tamamilə uyğun gəldi. Bakı şəhəri urbanizasiyanın ən uğurlu nümunələrindəndir ki, orda yaşamaq çox xoş olmalıdır. Məni heyrətləndirən mənzərələrdən biri dənizkənarı parkın genişliyi və gözəlliyi oldu. Burada uşaqlar üçün oyun meydançaları, görüş yerləri də nəzərdə tutulub. Orda rastlaşdığım insanların üzündə məmnunluq ifadəsi var idi. Müasir tikililərlə yanaşı, qədim Bakı konsepsiyasının, habelə İçəri şəhərin qorunub saxlanılması da şəhərin diqqətimi cəlb edən tərəflərindən oldu. Bu gün özümü Azərbaycanın dostu hesab edirəm. Azərbaycan səfirliyi ilə qurduğum münasibətlər məni Azərbaycanla səmimi əlaqələrə gətirib çıxarıb. Bəzən Fransa mətbuatında mənfi imicindən əziyyət çəkən Azərbaycanı dəstəkləmək istəyirəm. Mən şahidlik etmək istəyirəm ki, Azərbaycanla qurduğumuz münasibətlərimiz dostluq təməli üzərində inkişaf edir və əlaqələrimiz saf və təmənnasızdır.

– Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün parlamentlərarsı dostluq qrupu nə kimi rol oynaya bilər?

– Fransa ATƏT-in Mink qrupunun həmsədridir və Dağlıq Qarabağ münaqişəsinin həllində yaxından iştirak edir, münaqişənin həlli üçün səylərini davam etdirmək niyyətindədir. Bu münaqişə sülh, danışıqlar yolu ilə nizamlanmalıdır və bu prosesdə Fransa əsas tərəfdaşlardan biridir. Fransa bu missiyasını davam etdirmək niyyətindədir. Parlament tərkibində dostluq qrupları fəaliyyət göstərir. Bilirsiniz ki, Fransa-Ermənistan dostluq qrupu da var. Dağlıq Qarabağ münaqişəsinin dostluq qruplarının birbaşa müdaxilə etdikləri məsələ olmasa da Fransa parlamenti bu münasibətlərin nizamlanması üçün mübadilələr arenasına çevrilə bilər. Müxtəlif parlamentlərlə olan münasibətlər münaqişənin həllinə töhfə verə bilər. Lakin biz parlamentarilər diplomatlar deyilik. Bizim missiyamızın tərkib hissəsi müxtəlif parlamentlərlə əlaqələri, habelə dostluq əlaqələrini möhkəmlətməkdir ki, məhz bu yolla da çoxdan həllini tapmalı olduğu Dağlıq Qarabağ münaqişəsinin həllinə nail ola bilərik. Mənim bu məsələdə mövqeyim aydındır. Dağlıq Qarabağ Respublikası mövcud deyil. Bu məsələdə Fransanın da mövqeyi birmənalı şəkildə bildirib.

– Bəs siz bəzi fransalı merlərin qondarma “Dağlıq Qarabağ Respublikası”na səfərlərini və Fransa şəhərləri ilə bu qondarma respublikanın şəhərləri arasında imzalanan “dostluq xartiya”ları barədə nə düşünürsünüz?

– Bunlar yerli bələdiyyələr tərəfindən həyata keçirilən tədbirlərdir. Bu “dostluq xartiya”ları nın Fransa dövlət yanında heç bir əhəmiyyəti yoxdur. Fransa dövləti öz mövqeyini təkrar-təkrar ifadə edib: “Dağlıq Qarabağ Respublikası”nı tanımır.

– Bakıda keçirilən VI humanitar forum haqqında təəssüratlarınız necə oldu?

– Forum yüksək səviyyədə təşkil edilmişdi. Azərbaycan nümayiş etdirdi ki, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməyə qadirdir və xüsusilə də təhlükəsizliyin yüksək təminatı zəminində baş tutur. İştirakçıların və çıxışçıların qəbulu böyük qayğı ilə həyata keçirilirdi. Bu gördüklərimdən sonra, Azərbaycanın 2025-ci ildə beynəlxalq “Ekspo” sərgisinə ev sahibliyi üçün namizədliyini dəstəkləməkdə haqlı olduğumu anladım.

– Fransa mətbuatında Azərbaycana ünvanlanan tənqidi yazılara münasibətiniz necədir?

– Bu yazıları mütaliyə edən, bu qəbildən reportajları izləyən tamaşaçıları onların kimlər tərəfindən yazıldığı, yaxud hazırlandığı ilə maraqlanmağa dəvət edirəm. Əgər Azərbaycanın əleyhinə olan şəxslər tərəfindən yazılıbsa, təbiidir ki, bu ölkənin xeyrinə olmayacaq. Mən Azərbaycanda olarkən bu ölkədə demokratiyanın olduğunun şahidi oldum. Qadınlar istədikləri kimi geyinirlər, insanlar Fransada olduğu kimi azad, seçdikləri həyat tərzi sürürlər. Bakıda, o cümlədən üzümçülük sahələrini görməyə gedərkən rast gəldiyim insanları müşahidə etdikdən sonra Azərbaycanın insanların azad fikirləri, azad etiqadları, azad seçimləri olduqları ölkə olduğunu anladım.

Mən Azərbaycan tarixini oxumuşam. Azərbaycan səfirliyi tərəfindən təşkil edilmiş sərgidə iştirak etmişəm. Azərbaycanda qadınların 100 il əvvəl seçki hüququ əldə etdiklərindən xəbərim var. Bu, fəxrlə xatırlanmalı hadisədir. Haseb edirəm ki, Azərbaycan özünün demokratik və dünyəvilik dəyərlərini daha artıq dəyərləndirməlidir. Mən Azərbaycan haqqında həqiqətlə layiq olduğu müsbət rəylərin yaradılması üçün görüləcək tədbirlərə qol qoymağa hazıram.

– Fransa mətbuatında Azərbaycan haqqında mənfi fikirlərin səsləndirilməsində Fransadakı erməni lobbisinin əməyi varmı?

– Hasab edirəm ki, Fransada erməni diasporu güclüdür və bəzi media qurumlarına təsirləri ola biləcəyi ehtimalını istisna etmirəm.

– Hansı sahələrdə Fransa və Azərbaycan arasında əməkdaşlıq perspektivləri daha xeyirli ola bilər?

– Daha çox təhsil barədə düşünürəm. Mən Azərbaycanda olarkən Təhsil Nazirliyinin əməkdaşı ilə söhbətimdən başa düşdüm ki, bu ölkə bəzi sahələr üzrə ixtisas diplomlarının sertifikatlaşması formaları ilə maraqlanır. Fransada bu sahə artıq uzun illərdir ki, inkişaf etdirilib və biz bu modeli Azərbaycana tədbiq edə bilərik. Azərbaycanda, böyük turistik imkanlar da var ki, bu, onun malik olduğu təbiəti, iqlimi, mənəzərələrələrinin rəngarəngliyi və müxtəlifliyindən qaynaqlanır. İnfrastuktur da mövcuddur. Bakıda intensiv avia uçuşları olan gözəl hava limanları var. Azərbaycanda olarkən gördüm ki, yol infranstruktu da yüksək səviyyədədir. Fransa turizm ölkəsidir və ölkələrimiz arasında bu sahənin inkişafı faydalı ola bilər. Azərbaycanda olan mədəni və dini müxtəliflik digər faktorlarla birləşərək ölkənizi turistlərin bəyənib axışdıqları istiqamətə çevirə bilər.