Deputat Suriyada vuruşan azərbaycanlıları dəstəkləyir?

“Onlar sadəcə, muzdlu əsgərdirlər”…

 

“Onlar sadəcə, muzdlu əsgərdirlər”.

 

Suriyadakı qarşıdurmalarda azərbaycanlı döyüşçülərin ölməsi xəbərləri ard-arda gəlməkdədir. Bununla bağlı Milli Məclisdə deputatlar çıxış edərək onların Azərbaycana ləkə olduğunu dilə gətiriblər.

 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev isə bununla bağlı fərqli mövqedən çıxış edib.

 

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, o qeyd edib ki, bu cür təkliflər vətəndaşlarımıza qarşı sərt mövqe sərgiləməyə səbəb olacaq. Deputat daha çox maarifləndirici, profilaktik tədbirlər görülməsini təklif edib.

 

“Təklif edirəm ki, bu cür hadisələrin baş verməməsi üçün daha çox maarifləndirici, profilaktik tədbirlər görülməlidir. Azərbaycandan Suriyaya gedən şəxsləri terrorçu adlandırıb damğalamağın əleyhinəyəm. Onlar sadəcə, muzdlu əsgərdirlər. Vətəndaşlarımız aldadılırlar. Bu cür mənfi halların qarşısını almaq çox çətin olsa da, bunu etməliyik”.

 

F.Quliyev təbliğata bayağı verilişlərin yerinə əsl islam dini haqqında verilişlər verməklə başlamağın labüdlüyünü vurğulayıb:

 

“İnsanlara dini başqa cür başa salırlar. Əsl islamın nə olduğunu hər kəsin diqqətinə çatdırmaq lazımdır. Orta və ali məktəblərdə islam dini ilə yanaşı digər dinlər haqqında da məlumatlar verilməsini arzulayardım. Bəlkə, bundan sonra insanlar din haqqında yanlış fikirləşməz, səhv yolla getməzlər”.

 

Millət vəkilinin fikrincə, hazırda xaricdə olan vətəndaşlarımız bizim “kisə”mizdən gediblər:

 

“O şəxslərin mütləq həbs olunmasının, vətəndaşlıqdan çıxarılmasının əleyhinəyəm. Onların amnistiyaya salınmasına və geri qayıtmaları üçün şərait yaradılmasına tərəfdaram. Qoy vətənlərinə gəlsinlər və yanlış yoldan geri dönsünlər.

 

Onlara başa salmaq lazımdır ki, savaşmaq istəyirsənsə, günün birində Qarabağda vuruşa bilərsən. Ona görə də profilaktik tədbirlər geniş miqyas almalıdır. Təbliğat işləri dayandırılmamalıdır.

 

Geri qayıdan şəxslərdən kimsə qərəzli şəkildə yenə ora yollanarsa, belə adamlara hər hansı cəza tətbiq oluna bilər. Bu zaman onlara qanun qarşısında cavab verəcəklərini əvvəldən bildirmək lazımdır”.

 

Mövzu ilə əlaqədar

Nazirlik Suriyada öldürülən azərbaycanlı mücahidlərlə bağlı danışdı

Suriyada daha bir azərbaycanlı öldürüldü – Foto

Azərbaycanlı ata Suriyada döyüşən oğlunu axtarır – Foto

Qarabağ veteranı: Şəhid olmaq istəyənlər Mübariz İbrahimov kimi edə bilərdilər, Suriyaya getməzdilər

/oxu.az/