DİN-də Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirilib

Daxili İşlər Nazirliyində (DİN) Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, tədbirdə Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri də iştirak edib…

Daxili İşlər Nazirliyində (DİN) Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, tədbirdə Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri də iştirak edib.

 

Tədbirin əvvəlində mərasim iştirakçılarını daxili işlər nazirinin adından salamlayan nazir müavini, polis general-leytenantı Əsgər Ələkbərov soyqırımla bağlı çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təpədən-dırnağadək silahlanmış erməni silahlı dəstələri 366-cı motoatıcı alayın şəxsi heyətinin və 40-dan çox ağır texnikasının köməyi ilə mühasirədə olan Xocalını işğal edib. Bu soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu deyən Ə.Ələkbərov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, işğalda məqsəd bu torpaqda qədim tariximizə aid çoxlu sayda maddi-mədəni tarixi abidələri, xalqımızın izini yer üzündən silmək olub. İşğaldan sonra bütün maddi mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılması bəşər mədəniyyətinə, sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayətdir.

 

Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüşdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu xatırladan nazir müavininin təklifi ilə soyqırımına məruz qalmış xocalıların, eləcə də ərazi bütövlüyü və suverenliyimiz uğrunda canlarından keçmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Nazir müavini Əsgər Ələkbərov nazir, general-polkovnik Ramil Usubovun adından bu qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı vermiş, onların problemləri və qayğıları ilə maraqlanmış, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

 

Xocalının müdafiəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ailələri adından danışan Vərziyar Əliyeva onlara göstərilən diqqət, qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıq edib, Azərbaycan Prezidentinin apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsində doğma yurd yerlərinə qayıdacaqlarına ümidvar olduqlarını bildirib.

/Sia/