Dövlət büdcəsinin gəlirləri və xərcləri barədə – AÇIQLAMA

Maliyyə Nazirliyi bu ilin birinci rübündə dövlət büdcəsinin icrasını açıqlayıb…

 

Maliyyə Nazirliyi bu ilin birinci rübündə dövlət büdcəsinin icrasını açıqlayıb.

2014-cü ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4482,7  mln. manat, xərcləri 4374,3 mln. manat olub, 108,4 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.                    

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

Məlumata görə, 2014-cü ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4225,8 mln. manat proqnoza qarşı 4482,7 mln. manat və yaxud 106,1 faiz (256,9 mln. manat çox) icra olunub. 

Azərbaycan Respublikası Vergilər Nazirliyi mədaxil proqnozunu 107,1 faiz icra etməklə dövlət büdcəsinə 1762,8 mln. manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 117,3 mln. manat,  2013-cü ilin  eyni dövrü ilə müqayisədə isə 239,5 mln. manat və yaxud 15,7 faiz çoxdur. 

2014-cü il birinci rübündə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,2 faiz əməl edərək büdcəyə 330,4 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz və yaxud 40,9 mln. manat çoxdur.

Sair daxilolmalar üzrə büdcəyə 46,9 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 mln. manat və yaxud 2,9 dəfə çoxdur. 

Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə 2342,6 mln. manat vəsait transfert edilib. 

Dövlət xərcləri barədə məlumatda deyilib ki, 2014-cü ilin birinci rübündə dövlət büdcəsinin xərcləri 4233,3 mln. manat proqnoza qarşı 4374,3 mln. manat icra edilib. 

Dövlət büdcəsi xərclərinin 29,1 faizi və yaxud 1271,9 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 108,1 mln. manat və yaxud 9,3 faiz çoxdur.

Funksional təsnifata uyğun olaraq 2014-cü ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 38,8 faiz (111,5 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət  xərclərinə 31,0 faiz (12,1 mln. manat), səhiyyə xərclərinə 18,6 faiz (17,4 mln. manat), nəqliyyat və rabitə xərclərinə 16,0 faiz (1,9 mln. manat), sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 12,2 faiz (233,6 mln. manat), mənzil və kommunal təsərrüfat xərclərinə 56,4 faiz (22,6 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 11,1 faiz (20,7 mln. manat), təhsil xərclərinə 8,5 faiz (21,4 mln. manat), sosial müdafiə və sosial təminata 1,4 faiz (7,4 mln. manat) çox vəsait yönəldilib.  

Cari ilin ilk 3 ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidənqurulmasına, yaşayış evlərinin və bu qəbildən olan digər sosial obyektlərin tikintisinə 731,3 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1457,1  mln. manat vəsait yönəldilib. 

Bundan əlavə, 2014-cü ilin birinci rübündə icmal büdcənin gəlirləri 5433,3 mln. manat, icmal büdcənin xərcləri isə 4965,6 mln. manat icra olunub ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz və yaxud 59,6 mln. manat çoxdur. 

www.oxu.az