APA – nın verdiyi məlumata görə, bunu bu gün “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M. Qurbanlı bildirib ki, Ermənistanın işğalçılıq siyasəti bir Avropa ölkəsinin digərinə qarşı təcavüzü deyil, sülh və təhlükəsizliyə ciddi təhdiddir. Onun sözlərinə görə, Azərbaycanda müxtəlif dini və etnik qruplar, bütün xalqlar və dinlər dostluq şəraitində yaşayır:
“Azərbaycan mədəniyyətlərarası dialoq sahəsində fəal iştirakçıdan ciddi hərəkətverici qüvvəyə çevrilib. Azərbaycanda məscidlər, sinaqoqlar və kilsələr tolerantlıq mühitində fəaliyyət göstərir”, – deyə o vurğulayıb.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə isə bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini ərazi bütövlüyü prinsipi çərçivəsində dialoq yolu ilə həllinə çalışır. Heydər Əliyev Fondunun mənəvi və mədəniyyət irsinin, dini tolerantlığın qorunmasında rolundan danışan A. Paşazadə bu konfransın dünyada dinlərarası dialoqun inkişafında mühüm rol oynayacağına inandığını bildirib.
/Apa/