Dövlət Komitəsi: İqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın kapital bazarının qarşısında iddialı məqsədlər qoyur

Prezident İlham Əliyev tərəfindən ən yaxın onillikdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə qarşıya qoyulmuş hədəflər kapital bazarının qarşısına da iddialı tapşırıqlar qoyur…

Prezident İlham Əliyev tərəfindən ən yaxın onillikdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə qarşıya qoyulmuş hədəflər kapital bazarının qarşısına da iddialı tapşırıqlar qoyur. Trend-in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) rəhbəri Rüfət Aslanlı kapital bazarının iştirakçıları üçün Treninq Mərkəzinin açılışında bildirib.

R.Aslanlı deyib: “Bununla əlaqədar bu gün açılan mərkəzin rolu və əhəmiyyəti də artır “.

Onun sözlərinə görə, mərkəz Azərbaycan Prezidenti tərəfindən 2011-ci ildə təsdiqlənmiş “Kapital bazarının inkişafı Dövlət Proqramı ” çərçivəsində yaradılıb: “Bu, [Mərkəz] kommersiya məqsədləri ilə deyil, təsərrüfat hesabı əsasında, eləcə də bazarda mövcud olan əhəmiyyətli tələbin təmin edilməsi üçün yaradılır. Ona görə də hesab edirəm ki, mərkəz bazarın digər iştirakçıları üçün rəqabət təşkil etməyəcək, əksinə, onları təkmilləşdirəcək “.

Dövlət Komitəsi rəhbərinin sözlərinə görə, mərkəzin həyata keçirəcəyi ikinci funksiya məsləhət xidmətlərinin göstərilməsidir: “Həmin xidmətlərdən kapital bazarına daxil olmaq istəyən şirkət və sahibkarlar istifadə edə bilərlər. Təkrar edirəm: mərkəz kommersiya məqsədi daşımayacaq, onun qiymət siyasəti bazar iştirakçıları üçün sərfəli və rahat olacaq “.

/Trend/