DSX: Qazaxda mülki nəqliyyat vasitələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən intensiv atəşə tutulub

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, martın 30-da saat 17:30-dan başlamaqla Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

DSX-nin məlumatında, həmçinin bildirilir ki, Ermənistan kütləvi informasiya vasitələrinin sərhəd döyüş məntəqələrimiz tərəfindən atəşkəs rejiminin pozulması barədə məlumatları həqiqətə uyğun deyil, bölmələrimiz tərəfindən Ermənistanın yaşayış məntəqələri istiqamətində atəş açılmayıb.

AZƏRTAC