Ekspert: Azərbaycanın turizm sahəsində peşəkar kadrlara ehtiyac var

“Bu problem ilk növbədə regionlarda müşahidə olunur”…

“Bu problem ilk növbədə regionlarda müşahidə olunur”.

Turizm sahəsində kadrlar hazırlanır, bu istiqamətdə çox böyük inkişaf var, amma buna baxmayaraq, yenə kadr çatışmazlığı var. Bu problem həmişə olub və yaxın gələcəkdə hələ də olacaq.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.

Onun sözlərinə görə, peşəkar kadrlara ehtiyac var və ilk növbədə bu əsasən regionlarda müşahidə olunur.     

“Azərbaycanda turizmin inkişafı ilə əlaqədar olaraq otel biznesi də inkişaf edir. Həm regionlarda, həm də Abşeron yarımadasında, yeni otellər inşa olunub istifadəyə verilir. Bu prosesdə kadr hazırlığı çox mühüm rol oynayır. Təbii ki, kadr çatışmazlığı var. Amma biz çalışırıq ki, bu problemi aradan qaldıraq. 

2006-ci ildən Azərbaycan Turizm İnstitutu fəaliyyətə başlayıb, onun nəzdində peşə turizm məktəbi fəaliyyət göstərir. Regionlarda da – Qəbələdə, İsmayıllıda, Mingəçevirdə turizm kollecləri fəaliyyət göstərir.

AzTA Azərbaycan Turizm İnstitutu ilə birlikdə, peşə məktəblərin, həmçinin qida və humanitar kolleclərin nəzdində fəaliyyət göstərən turizm fakültələrində oxuyan tələbələr üçün otellərdə və mehmanxana tipli obyektlərdə təcrübə keçirlər. 200-dən çox şagird və tələbə bizim tövsiyəmizlə müxtəlif yerli turizm şirkətlərində və otellərində fəaliyyət göstərirlər.

Bundan başqa, xarici ölkələrə – Kipr Respublikasına, Türkiyəyə,Yunanıstana, İsrailə və s. ölkələrə tələbələr mübadiləsinə əsasən biz onları təcrübə keçirmək üçün göndəririk. Bu, onların səriştələrinin, təcrübələrinin yüksəlməyi üçün çox önəmlidir”, – M.Ağakərimov deyib.

Azərbaycanda turizm sahəsində yoxlamalardan danışarkən, M.Ağakərimov qeyd edib ki, Bakı şəhəri üzrə və Abşeron yarımadasında monitorinqlər artıq başa çatıb:

“Monitorinqlərdə Mədəniyyət və Turizm Nazirliyinin işçiləri, İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və AzTA iştirak ediblər.

Müxtəlif otellərdə və mehmanxana tipli obyektlərdə monitorinq keçirilən zaman, otellərin nöqsanları, çatışmayan ləvazimatları və avadanlıqları, otel personalının xidmət  keyfiyyəti, kadrların peşə səviyyəsi, onların bilik və bacarıqları, oteldə yerləşən müxtəlif departamentlərin iş fəaliyyəti, o cümlədən mətbəxi, qida və içki şöbələri, texniki şöbənin, təmizlik işlərinin şöbəsi və digər şöbələrin işi ilə ciddi maraqlanıb və təbii ki, öz tövsiyə və məsləhətlərini veriblər. 

Bəzi otellərin ulduz səviyyəsinin uyğun olmadığı aşkarlanıb və müxtəlif aktlar tərtib olunub və müdiriyyətə bu çatışmazlıqların aradan qaldırılmasına dair xəbərdarlıq edilib. Əks təqdirdə, otellərin müvafiq ulduzu alına bilər. Təbii ki, biz gözləyəcəyik, müəyyən bir vaxtdan sonra, yenidən monitorinqlər keçiriləcək”.

Ekspert Azərbaycanda turizm sahəsində qiymətlərdən də danışdı:

“3-5 il bundan əvvəl, həqiqətən də qiymətlər daha çox yüksək idi. Biz sahibkarlara başa salmışıq ki, əgər onlar daha çox turist cəlb etmək istəyirlərsə, onlar iki amili tarazlaşdırmalıdırlar: qiymət siyasətini və xidmət səviyyəsini”.

Ekspertin sözlərinə görə, qiymətlərdə endirimlər var:

“Məsələn, Şimal-Şərq zonasında – Nabran, Quba, Qusar, eyni zamanda Cənub zonasında – Lənkəran, Lerik, Masallı və Şimal-Qərb zonasında – Qəbələ, Şamaxı, İsmayıllı, Şəki şəhərlərində turizm obyektlərində qiymətlərdə endirim var”.

M.Ağakərimov bir məsələyə də diqqət yetirdi:

“Bizim sahibkarları, hardasa çox gözəl başa düşürəm. Onlar kurort – “resort” deyilən otelləri mövsümünə görə, cəmi 2-3 ay işlədə bilirlər. Qalan ayları boş dayanırlar və 2-3 aylıq fəaliyyət ərzində bunun əvəzini çıxarmaq istəyirlər”.

Ekspert qeyd edib ki, daha çox xarici turistləri cəlb etmək üçün və bununla yanaşı daxili turizm inkişafı üçün iki amilə fikir verməliyik: qiymət siyasəti və xidmət səviyyəsi. 

“Çox təəssüf ki, hələ buna tam nail ola bilməmişik. Regionlarda bu məsələ daha dərindir”.

Bu amillər ilə yanaşı, həm də rəqabət məsələsi ortalığa düşür:

“Bu rəqabət elə olmalıdır ki, xidmət səviyyəsi və qiymətlərdə özünü göstərsin”.

M.Ağakərimovun sözlərinə görə, gələn turist təkcə yeməklə və yatmaqla deyil, əlavə xidmətdən də istifadə etməlidir:

“Müxtəlif çeşidli xidmətləri artırmaq lazımdır. Məsələn, Türkiyəyə bizim vətəndaş 500-700 manat xərcləyib, gedib-qalırsa, orda əlavə olaraq pulları xərcləyir, və bu xərclərə heç heyfslənmir.

Turistin psixologiyasını düz işlətmək lazımdır. O psixoloji amildir. Bu da turizm biznesinin bir bünövrəsidir.

Başqa ölkələrə gedən turistlərin sayı nəyə görə daha çoxdur? Məhz buna görə onlara əlavə xidmət təklif olunur: İtaliyada qayıqda gəzinti, İspaniyada korrida, Braziliyada karnaval və s. Azərbaycanda da bunu etmək lazımdır”.

Ekspert bir neçə məqamlara da toxundu:

“Məsələn, milli yeməklər təklif olunmalıdır. Bu, o demək deyil ki, sən turistlərə kabab bişirib verməlisən. Milli mətbəxi gərək milli tərzdə təqdim edəsən. Çay dəsgahı, milli şirniyyatı ilə. Mətbəx mədəniyyətin bir qoludur.
Turist milli musiqimizin sədaları altında dincəlməlidir. Yoxsa girirsən 5 ulduzlu otelə, orada klassik musiqi fon olaraq səslənir. Klassik musiqi gözəl bir şeydir. Amma biz çalışmalıyıq ki, Azərbaycanın klassik musiqisi səslənsin – Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Üzeyir Hacıbəyovun əsərləri.

Ümumiyyətlə, ölkəmiz Qafqaz regionunda özünü bir nümunə kimi göstərir. 

Azərbaycan bütün Qafqazda hər sahədə birinci yerdədir: iqtisadiyyatda, mədəniyyətdə və s. amma bəzən biz onu təqdim edə bilmirik. 

Biz çalışmalıyıq ki, gələn turistlərə ölkəmizi yüksək səviyyədə təqdim edək”, – M.Ağakərimov sözünü yekunlaşdırıb.

www.oxu.az