Ekspert: Prezident istehlakçıları 60 milyon manat xərcdən azad etdi

“Qərar təqdirəlayiqdir”…

“Qərar təqdirəlayiqdir”.

Proqnozlaşdırılırdı ki, benzinin qiymətinin yüksəlməsindən sonra benzin istehlakçılarının xərcləri il ərzində 60 milyon manat artacaq. Bu qərar vətəndaşları və benzin istehsal edən digər sahibkarları il ərzində 60 milyon manat xərcdən azad etdi.

Bu barədə Oxu.Az-a Sosial və İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəriVüqar Bayramov Prezident İlham Əliyevin benzinin qiymətinin azaldılması ilə bağlı qərarını şərh edərkən bildirib.

Vüqar Bayramovun bildirdiyinə görə, Prezidentin qərarı Tarif Şurasının benzinin qiymətinin artırılması ilə bağlı qərarına neqativ münasibətinin olduğunu ortaya qoydu:

“Prezidentin bu qərarı Tarif Şurasının səhvinin düzəldilməsi deməkdir. Bu göstərişləri ilə ölkə başçısı qiymətin stabil qalmasının tərəfdarı olduğunu nümayiş etdirdi”.

Ekspert hesab edir ki, Prezidentin Tarif Şurasına benzinin qiymətinin azaldılması ilə bağlı qərarı müsbət haldır:

“Vətəndaşların sosial vəziyyətinə mənfi təsirlərin azaldılması əhəmiyyətlidir, eyni zamanda, benzinin cüzi qiymət artımı sonradan digər məhsulların, eləcə də ərzağın qiymətinə təsir göstərə bilərdi”.

İqtisadçı qeyd edir ki, qərar qəbul olunmasaydı, biz istehlak bazarında süni qiymət artımlarını müşahidə edə bilərdik.

V.Bayramovun proqnozlaşdırdığına görə, bu addımlar onu göstərir ki, yaxın dövrlər ərzində benzinin qiymətinin qalxmasını müşahidə etməyəcəyik.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Tarif Şurasının qərarını ləğv edərək, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.

www.oxu.az