ABŞ və Rusiyanın münasibətləri soyuq müharibə olmasa da hazırkı vəziyyətdə soyuq müharibəni xatırlatmaqdadır. Bir çox hallarda bunu soyuq sülh vəziyyəti də adlandırırlar”…
“ABŞ və Rusiyanın münasibətləri soyuq müharibə olmasa da hazırkı vəziyyətdə soyuq müharibəni xatırlatmaqdadır. Bir çox hallarda bunu soyuq sülh vəziyyəti də adlandırırlar”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi elmlər doktoru, politoloq Elman Nəsirli Qərbin Rusiyaya qarşı tətbiq etmək istədiyi sanksiyalara münasibətini açıqlayarkən deyib.
Politoloqun fikrincə, indiki məqamda hadisələrin gedişatı onu göstərir ki, Qərbin Rusiya ilə hərbi qarşıdurma vəziyyətini seçmək niyyəti yoxdur: “Hazırda əsas gündəmdə olan məsələ maliyyə sanksiyalarıdır. Hələ ki, bu sanksiyalar yumşaqlığı ilə seçilməkdədir. Tərəflərin mövqeyinə görə bu sankisyalar bir qədər dişsiz sankiyalardır. Ayrı-ayrı şəxslərin hesablarına qarşı sanksiyalar tədbiq etməklə rəsmi Moskvanın mövqeyini dəyişmək çətin olacaq. Amma ilkin təzyiqlər müəyyən effekt verib. Çünki Rusiyanın baş naziri Dmitri Medvedyev öz çıxışı zamanı qeyd edib ki, ölkəyə qarşı tədbiq edilən sanksiyalar iqtisadi duruma təsir etməkdədir”.
Belə olan təqdirdə Rusiyanın Şərqi və Cənubi Ukraynadakı davranışından asılı olaraq sanksiyaların genişlənəcəyini də istisna etməyən Elman Nəsirli vurğulayıb ki, bütün proseslər rəsmi Moskvanın davranışından asılı olacaq: “Buradan belə fikir yaranır ki, Rusiyanın Ukraynanın şərq hissəsinə hərbi müdaxilə edəcəyi təqdirdə Qərb daha sərt sanksiyalara əl atacaq. Düşünürəm ki, Qərb Krımın ilhaqı ilə barışsa da, Rusiyanın sonrakı genişlənməsi ilə barışamaq istəmir. Aprel ayının 17-si Cenevredə keçirilən dördtərəfli, yəni 3+1 farmatında ABŞ, Rusiya, Avropa İttifaqı və Ukrayna danışıqlarının nəticələri və əldə edilən razılaşmalar heç bir halda yerinə yetirilmir. Rusiya Donetski də uydurma respublika elan edərək, may ayında referendum keçirməyi və bu vilayəti özünə birləşmək niyyətini ortaya qoyub. Bütün bunlar bir daha onu göstərir ki, Rusiya ilə Qərbin münasibətləri heç vaxt olmadığı qədər pisləşib”.
/Sia/