Ermənilərin “Paris sevgisi ” öz təravətini itirməyə başlayır

 Bütün dünyaya məlumdur ki, Ermənistan Fransanı özünün ən yaxın müttəfiqlərindən hesab edir…

Bütün dünyaya məlumdur ki, Ermənistan Fransanı özünün ən yaxın müttəfiqlərindən hesab edir. Bir çox sahələrdə fransızlardan aldığı dəstək, xüsusilə uydurma “soyqırım ” mövzusunda çiynində fransız əlini hiss etməsi Ermənistanın bu ölkəyə rəğbətini və hörmətini birə-beş artırır.

Fransa lideri Fransua Olland Ermənistana rəsmi səfər etdi. Aeroportda onu qarşılamağa erməni lideri Serj Sarqsyanın şəxsən özü getdi, rəğbət və hörmətin əlaməti olaraq. Prezident Olland həmişə olduğu kimi onun ölkəsinin Ermənistan dövlətinin yanında olduğunu və həmişə də olacağını dedi. Ermənistana iqtisadi, maliyyə dəstəyi vəd və eyni zamanda təklif etdi.

Ollandın dəstək dolu sözlərlə ağız dolusu danışmağı Sarqsyan və onun elitasını razı salsa da, görünür ki, yerli və xaricdə yaşayan ermənilərin bir çoxu onun sözlərini qulaqardına vuraraq boş küy hesab ediblər.

Milli.Az bildirir ki, sosial şəbəkələrin birində Ollandın səfərini müzakirəyə çıxaran ermənilərin onun haqda fikirləri birmənalı olmaması ilə seçilib. Ermənilərdən biri Fransua Ollandı Sion təşkilatının marionetkası adlandırıb. Onun sözlərinə görə, sözdə erməniləri dəstəkləyən fransız əslində ermənilərin əsl düşmənidir ki, var.

Digər bir erməni Ollandı peşəkar yalançı adlandırıb. O bildirib ki, illərdir ki, onun boş vəd və sözlərini eşidirlər. Göz qabağında olansa bugünkü məzlum Ermənistandır, heç bir dəstək görməyən aciz dövlətdir.

Başqa bir erməni Olland da daxil olmaqla bütün siyasətçilərin ikiüzlü saxtakar olduqlarını deyib. Vədləri əməldən deyil, yalnız sözlərdən ibarət olan həmin siyasətçilərin bariz nümunəsi kimi Fransua Ollandı göstərib.

Ermənilər arasında Fransaya qarşı yeni etiraz dalğası yaranır, deyəsən. Görünür, onların psixikasında tranformasiya başlayıb və ən yaxın müttəfiqlərini belə saxtakar kimi görməyə başlayıblar. Ənənəvi erməni niyyəti yeni mərhələyə qədəm qoyur və daha artığını istəməyə başlayır. Fransa kimi müttəfiq ölkənin rəhbərinə qarşı bu cür ittihamlar səsləndirmək üstündən adlayıb keçiləsi məsələ deyil. Demək ki, ermənilər arasında yekdil “Paris sevgisi ” öz təravətini itirməkdədir…

 

/Milli.az/