Erməni kəşfiyyat-diversiya qrupu Azərbaycan postuna basqına cəhd edib, 3 hərbçimiz yaralanıb

 Erməni kəşfiyyat-diversiya qrupu postumuza basqın etməyə cəhd göstərib…

Erməni kəşfiyyat-diversiya qrupu postumuza basqın etməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın etməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin göstərdiyi qəhrəmanlıq, igidlik, sayıqlıq və şücaət nəticəsində düşmənin cəhdi qabaqcadan aşkar edilərək qarşısı qətiyyətlə və mütəşəkkil şəkildə alınıb, qısa atışmadan sonra düşmən itki verərək dağınıq və nizamsız vəziyyətdə geri çəkilməyə məcbur edilib.

Təxribat zamanı yüngül yaralanmış gizir Məmmədov Murad Asif oğlu, əsgərlər İsaqov Tural Eldar oğlu və Mirzəli Mirzə Asif oğlu hərbi tibb müəssisəsinə yerləşdiriliblər.

Hərbi qulluqçuların vəziyyəti kafidir, heç birinin həyatı üçün təhlükə yoxdur.

Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Füzuli rayonunun Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Sarıcalı, Cəvahirli, Tərtər rayonunun Göyarx, Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Milli.Az