“Ermənistan qoşunlarının işğal altındakı ərazilərimizdən qeyd-şərtsiz çıxarılması çağırışı ilə əlaqədar İƏT ölkələrinə minnətdarıq”

“Biz Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının qınanması və Azərbaycana verilən dəstəklə əlaqədar islam ölkələrinə minnətdarıq”…

“Biz Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının qınanması və Azərbaycana verilən dəstəklə əlaqədar islam ölkələrinə minnətdarıq”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Qvineyada keçirilən 40-cı iclasında çıxışında deyib. “Biz BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bizim bütün işğal altındakı ərazilərimizdən tam və qeyd-şərtsiz çıxması çağırışı ilə bağlı İƏT ölkələrinə xüsusən minnətdarıq”, deyə o, söyləyib.

Nazir qeyd edib ki, islam dünyasına dini, mədəni, tarixi köklərlə bağlı olan Azərbaycan müsəlman ölkələri ilə münasibətlərin inkişafına və sivilizasiyalararası təmaslara xüsusi əhəmiyyət verir: “Sivilizasiyalararası dialoq sülh və təhlükəsizliyin, münaqişələrin və mübahisələrin həlli, mədəni müxtəlifliyin möhkəmləndirilməsi və dayanıqlı inkişafın hərəkətvericisi olmaq üçün potensiala malikdir”.

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan hər zaman dini ayrı-seçkilik və nifrətə təhriklə mübarizəyə tərəfdar olub və islamofobiya tendensiyalarına qarşı İƏT çərçivəsində səylərin birləşdirilməsi vacibdir.

 

İƏT məkanındakı problemlərə toxunan nazir qardaş Fələstin xalqına sülh, sabitlik və müstəqil dövlət yaradılması uğrunda mübarizəsində Azərbaycanın dəstəyini ifadə edib.

 

E. Məmmədyarov Azərbaycanın İƏT-in işində fəal iştirak etdiyini və ölkədə təşkilatın bir sıra tədbirlərinin keçirildiyini diqqətə çatdırıb: “Biz 2014-cü ildə qadınların islam ölkələrinin inkişafındakı roluna dair İƏT-in nazirlər səviyyəsində beşinci sessiyanı qəbul etməkdən çox şad olacağıq”. /APA/