Ermənistan Silahlı Qüvvələri martda atəşkəsi 136 dəfə pozub, 2 Azərbaycan hərbçisi şəhid olub, 3-ü yaralanıb

Mart ayında cəbhə xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi 136 dəfə pozulub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun 2 hərbçisi şəhid olub, 3 hərbçisi (1 hərbçi mina partlayışından) yaralanıb…

Mart ayında cəbhə xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi 136 dəfə pozulub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun 2 hərbçisi şəhid olub, 3 hərbçisi (1 hərbçi mina partlayışından) yaralanıb. Mart ayında əsas döyüş itkilərinin Gədəbəy istiqamətində baş verməsinə baxmayaraq, sözügedən istiqamətdə atəşkəsin pozulmasına dair cəmi 1 fakt qeydə alınıb. Ermənistanla dövlət sərhədində ay ərzində əvvəlki aylarla müqayisədə atəşkəs pozuntularının sayında əhəmiyyətli azalma qeydə alınıb – cəmi 7 hadisə. Bu hadisələrdən 4-ü Qazax, 2-si Tovuz, 1-i isə qeyd olunduğu kimi Gədəbəy rayonu istiqamətində olub.

Atəşkəsin daha çox pozulması Qarabağ cəbhəsində baş verib. Atəşkəs pozuntularının sayına görə ilk yerdə Ağdam (36 fakt) və Füzuli (35 fakt) rayonları dayanır. Mart ayında cəbhənin Goranboy rayonu istiqamətində atəşkəs rejimi 20, Tərtər rayonu istiqamətində 15, Xocavənd rayonu istiqamətində 12, Cəbrayıl rayonu istiqamətində isə 11 dəfə pozulub. Əvvəlki aylarla müqayisədə cəbhənin Cəbrayıl istiqamətində Ermənistan Ordusunun aktivləşməsi müşahidə olunub.

Mart ayında cəbhə xəttində atəşkəsin pozulması ilə müşahidə olunan döyüşlərdə Ermənistan Ordusunun 2 hərbçisi Azərbaycan hərbçiləri tərəfindən öldürülüb.

Ümumilikdə 2013-cü ilin birinci rübündə cəbhədə 417 atəşkəs pozuntusu (yanvarda 127, fevralda 154, martda 136) qeydə alınıb. Ümumilikdə cari ilin ilk 3 ayında cəbhədə baş verən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbçisi şəhid olub. Azərbaycan snayperləri tərəfindən bu müddətdə Ermənistan Ordusunun 12 hərbçisi məhv edilib.

Cari ilin birinci rübündə cəbhə xəttində atəşkəs pozuntularının 91,8%-i (383 fakt) Qarabağ cəbhəsində, 8,9%-i (34 fakt) isə Ermənistan-Azərbaycan dövlət sərhədində qeydə alınıb. Rayonlar üzrə, Ağdam rayonu istiqamətində atəşkəs rejimi 147, Füzuli rayonu istiqamətində 94, Goranboy rayonu istiqamətində 49, Xocavənd rayonu istiqamətində 38, Tərtər rayonu istiqamətində 37, Cəbrayıl rayonu istiqamətində 17, Qazax rayonu istiqamətində 15, Tovuz rayonu istiqamətində 11, Gədəbəy rayonu istiqamətində 7, Göygöl və Daşkəsən rayonlarının hər birində isə 1 dəfə pozulub.

/APA/