Erməni mətbuatına diqqət etdikdə erməni jurnalistlərin sanki tam olaraq Azərbaycan dilini bildiklərini, bizim Azərbaycan dilində olan mətbuatı hər an izlədikləri nəticəsinə gəlmək olar…
Erməni mətbuatına diqqət etdikdə erməni jurnalistlərin sanki tam olaraq Azərbaycan dilini bildiklərini, bizim Azərbaycan dilində olan mətbuatı hər an izlədikləri nəticəsinə gəlmək olar.
Azərbaycan mediası isə ermənilərin rus və ingilis dilində olan mətbuatını izləyə bilir. Səbəb sadədir. Azərbaycanda erməni dilini bilənlər çox azdır.
Bunu Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü başqanı Qafar Çaxmaqlı Modern.az saytınaaçıqlamasında da təsdiqləyib.
O, qeyd edib ki, ermənilər Azərbaycan dilini mükəmməl öyrəndiyindən bizi bizdən yaxşı bilirlər: “Ermənistanda həqiqətən Azərbaycan türkçəsi və Türk dilini bilməklə bağlı problem yoxdur. Hətta bu sahədə çalışmalarda bir rəqabət var. Orada çox güclü türkoloqlar ordusu var. Türkiyə və Azərbaycanda baş verən prosesləri təqib etmək, öyrənmək üçün dili bilmək imkanlarından yaxşı istifadə edirlər. Azərbaycan və Türkiyə ilə bağlı araşdırma yazılarını, ümumiyyətlə bizə yönəlik verilən reaksiyaları oxuyarkən bunun şahidi oluruq ki, ermənilər bizi bizdən yaxşı bilirlər.
Amma ermənilər bununla da kifayətlənmirlər, universitet və ayrıayrı qurumlarda Azərbaycan dilini gənclərinə də öyrədirlər. Ermənistan Elmlər Akademiyasında Şərqşünaslıq İnstitutu bu məsələdə əsas baza rolu oynayır. Burada dil öyrənməklə yanaşı gəncləri “Azərbaycanşünaslıq” və “Türkşünaslıq” üzrə mütəxəssis kimi hazırlayırlar. Çoxsaylı Araşdırma Mərkəzlərində də anoloji fəaliyyət var”.
Qafar Çaxmaqlının fikrincə, ermənilər Azərbaycan dilini öyrənməyi uzağagedən hədəf kimi qarşıya qoyublar: “Ermənistanda Azərbaycan dili təkcə universitetlərdə tədris olunmur. Hələ mən təhlükəsizlik orqanlarını demirəm. Ermənilər bizi uzunmüddətli “düşmən ” saydıqlarından qarşıya uzaqmüddətli hədəflər qoyublar. Onlar bunu hesablayırlar ki, “bir vaxt gələcək, türk dili bilənlərin sayı azalacaq”. Ona görə də indidən tədbir görürlər.
İrəvan Dövlət Universitetində də bizim dili öyrədirlər. Dediyim kimi, onlar mükəmməl mütəxəssis hazırlamaq üçün bu fəaliyyəti aparırlar”.
Bəs, Azərbaycan və Türkiyədə erməni dili necə öyrənliri?
Müsahibimiz deyir ki, Türkiyədə bu məsələyə yanaşmada bir qədər ciddiyyət var və bu işdə o da yardım edir: “Daha öncələr türklər də bu məsələyə xırda bir iş kimi baxırdılar. Əzabını bu gün çəkirlər. İndi münasibət dəyişib və ermənicə bilən türk mütəxəssislər yetişdirilməyə başlanılıb”.
Qafar Çaxmaqlı Azərbaycanda erməni dilinin öyrənilməsinin ermənilərlə müqayisədə çox aşağı səviyyədə olduğunu bildirib: “Bizdə demək olar ki, həftədə bir-iki saat erməni dilindən dərs vermək mümkündür. Çox təəssüf ki, bu məsələdə biz ermənilərlə rəqabətdə hələ ki, uduzuruq. Erməni dilini öyrənmək istəyən azərbaycanlı gənclərin bu dili öyrənməyə həvəsinin olub-olmaması önəmli deyil. Əsas məsələ odur ki, millət özü üçün nə faydalıdırsa, gələcəkdə dövlətin təhlükəsizliyini təmin etmək üçün nə gərəkirsə onu etməlidir. Bu gün ermənicə bilən mütəxəssisə ehtiyac varsa, bu ehtiyacı ödəmək lazımdır. Bu iş dövlət siyasəti olmalıdır və bu işə yaxşı pul da ayırmaq lazımdır. Özümüzü aldatmayaq. Bu sahədə gerilik var”.
Modern.az