“Ermənistanın işğalçı siyasətinin ifşası (məqalələr toplusu)” kitabının təqdimatı keçirilib.

7 noyabr 2019-cu ildə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilən “Ermənistanın işğalçı siyasətinin ifşası: tarixi fakt və arayışların beynəlxalq ictimaiyyətə çatdırılması yönündə fəaliyyətlərə dəstək” adlı layihəsi çərçivəsində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan və ingilis dillərində nəşr olunan “Ermənistanın işğalçı siyasətinin ifşası (məqalələr toplusu)” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AVCİYA-nın vitse-prezidenti, pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayev açaraq assosiasiyanın fəaliyyəti, həyata keçirdiyi layihələrdən danışıb, “Ermənistanın işğalçı siyasətinin ifşası (məqalələr toplusu)” kitabında yer alan materiallar barədə məlumat verib.

AVCİYA prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun ideya müəllifi olduğu layihə çərçivəsində işıq üzü görən kitabın rəyçilərindən olan tarix elmləri doktoru, professor Oqtay Sultanov, nəşrdə məqalələri yer alan tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı, tarix üzrə fəlsəfə doktorları Fərhad Cabbarov və Vasif Qafarov çıxış ediblər. Natiqlər bu qəbildən olan nəşrlərin vacibliyini vurğulayaraq kitabın eyni zamanda ingilis dilində çıxmasının onun əhəmiyyətinə diqqət çəkiblər.

Tədbirdə çıxış edənlərdən başqa kitabda həmçinin mərhum tarixçimiz, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayevin, AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyevin, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərovun, Bakı Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Ramiz Sevdimalıyevin, Almaniya Bundestaqının sabiq deputatı Haqqı Kəskinin və Azərbaycan Dillər Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Aqil Şahmuradovun  məqalələri yer alıb.

Azərbaycan və ingilis dillərində nəşr edilmiş “Ermənistanın işğalçı siyasətinin ifşası (məqalələr toplusu)” dünyanın nüfuzlu elmi-tədqiqat mərkəzlərinə, universitet və kitabxanalarına göndəriləcək.