Ermənilər Qarabağdan qaçırlar

“Burada dözülməz həyat şəraiti ilə üzləşmişik, əlimizə imkan düşən kimi başqa ölkəyə gedəcəyik” Dağlıq Qarabağdakı hazırkı durum burada yaşayan erməniləri sürəkli şəkildə köçkünlərə döndərir. “Ekspress” qəzetinin məlumatına görə, Fridrix Ebert Fondunun maliyyə dəstəyi ilə Xankəndi Press Klubunun keçirdiyi yeni rəy sorğusu nəticəsində bəlli olub ki, qarabağlı hayların 63,2%-i buradakı vəziyyəti dözülməz sayaraq, üzləşdikləri sosial-iqtisadi şəraiti çox ağır hesab edir.

1250 nəfərin rəyinin öyrənildiyi sorğu iştirakçılarının 71,4%-i ağır yaşam şərtlərindən dolayı “əllərinə imkan düşən kimi” Dağlıq Qarabağı tərk edəcəyini söyləyib. Bu zaman respondentlərin 58 faizi qazanc dalınca yola düşəcəyini deyib. Sorğuya qatılanların 47,2%-i miqrasiyanın başlıca səbəbinin Dağlıq Qarabağdakı sosial ədalətsizlik, 16,3%-i “hərbi əməliyyatların yenidən başlanma təhlükəsi”, 8,7%-i isə “siyasi səbəblər” olduğunu açıqlayıb.

Respondentlərin 68,3%-nin fikrincə, Dağlıq Qarabağın düşdüü bunca acınacaqlı durumun əsas günahkarı Arkadi Qukasyan və onun ətrafındakılar, həmçinin “hakimiyyətdəki bütün məmurlar”dır. Qarabağlı ermənilərini fikrincə, Xankəndində düzgün siyasət yürüdülmür.

Sorğu iştirakçılarının 42,1%-i sözügedən naqisliyin səbəbini hərbi əməliyyatlar, 27,2%-i keçid dövrü, 24,5%-i isə “Dağlıq Qarabağın rəsmən tanınmaması”nda görür.Respondentlərin 51,3%-i Dağlıq Qarabağda insan haqlarının əsla qorunmadığını deyib. Ermənistan İnsan Haqlarının Müdafiəsi Mərkəzinin eksperti Hrayr Ağacanyanın dediyinə görə, sorğunun nəticələri təəccüblü deyil.

“Dağlıq Qarabağdakı hakimiyyət dəstəsinin yürütdüyü siyasət bütünlüklə buradan idarə olunur və oradakı yerli əhalinin maraqlarını demək olar ki, nəzərə almır. Qarabağlı ermənilər daim əndişədə, təlaşda və qorxudadırlar. Rəsmi təbliğat onları az qala hər an döyüşmək istəyən adamlar kimi qələmə versələr də, oradakı ermənilər yalnız yaşamlarını, özlərini və gələcəklərini düşünən insanlardır. Bu adamları “savaş adamları” təqdim etmək uğursuz təbliğatdır. Qarabağlı ermənilər təbii ki, Azərbaycanın tərkibində yaşamaq istəmirlər. Lakin onlar Ermənistanda da vəziyyətin ağır olduğunu görərək, başqa dövlətlərə üz tuturlar”, – H.Ağacanyan bildirib.Lent.az