Bu yaxınlarda Moskvada Rusiya prezidentinin təşəbbüsü ilə keçirilmiş görüşün yekunlarına əsasən üç prezident arasında Bəyannamə imzalanmasını müsbət addım kimi qiymətləndirən prezident sənəddə münaqişənin həlli üçün əsas olacaq mexanizmlərin dəqiq müəyyən edildiyini vurğulayıb: “Bunlar beynəlxalq hüququn norma və prinsipləri və bu çərçivədə qəbul edilmiş qətnamə və qərarlardır. Bu Bəyannamə özlüyündə məhz beynəlxalq təşkilatların qərarlarına istinadla tənzimləmə yollarını müəyyən edən mühüm siyasi sənəddir. Təminatlar bölməsində münaqişənin həllinin hər bir mərhələsinin təminatları göstərilir, bu da özlüyündə Azərbaycan tərəfinin həmişə dediyi və təkid etdiyi mərhələli yanaşmaya əsaslanan tənzimləməni nəzərdə tutur. Əlbəttə, bu da mühüm amildir ki, həmin Bəyannaməni imzalayan Ermənistan və Azərbaycan həm də münaqişə tərəfləridir. Bu münaqişənin başqa tərəfləri yoxdur. Bu, həmişə aşkar idi, indi isə bu fakt Ermənistan rəhbərinin imzası ilə də təsdiq edilib”.
Lakin dövlət başçısı təkcə Bəyannamənin qəbul edilməsinin kifayət olmadığını diqqətə çatdırıb: “Düzgün qərar qəbul etmək, yəni Ermənistana heç vaxt məxsus olmamış, məxsus olmayan və olmayacaq ərazilərdən çıxmaq, işğala son qoymaq, beynəlxalq normalara və sadəcə, beynəlxalq davranış qaydalarına müvafiq siyasət yeritmək üçün, ilk növbədə, Ermənistan tərəfinin siyasi iradəsi lazımdır. Onda Qafqazda sülhə qat-qat tez nail olmaq mümkündür. Bütövlükdə bizim regionda vəziyyət, əlbəttə, həm qonşularımız, həm də ümumən dünya üçün böyük maraq doğurur. Müasir şəraitdə Qafqaz regionu, Xəzər hövzəsi regionu yeni əhəmiyyət kəsb edir. Buna görə də, əməkdaşlığın, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edəcək məsul qərarların qəbul olunması zəruridir. Biz öz tərəfimizdən çalışırıq ki, bu istiqamətdə təşəbbüslərimizlə fəal iş aparaq”.