“Qaçqınkom”un sədri Əli Həsənov bu statusun qaçqınlar öz yurdlarına qayıdanadək saxlanacağını deyir
“Təəssüf ki, 1999-cu ildə Azərbaycandakı qaçqınlara vətəndaşlıq verəndən sonra onların adları BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının siyahısından çıxarılıb. Onlar israr edirlər ki, bu qaçqınlar artıq vətəndaşlıq alıblar, yerləşdiriliblər və Azərbaycan hökuməti onları təmin edib”.
Lent.az-ın məlumatına görə, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avrora Şurasının Parlament Assambleyasının miqrasiya, qaçqınlar və əhali üzrə məruzəçisi Con Qrinveyin hazırladığı məruzədə Azərbaycandakı qaçqın və məcburi köçkünlərinin sayının 600 min nəfər göstərilməsi ilə bağlı sualı cavablandırarkən belə deyib.
Baş nazirin müavini qeyd edib ki, hazırda Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Onlardan 250 mini 1988-1992-ci illərdə Ermənistandan qovulmuş azərbaycanlılar, 50 mini 1992-ci ildə Özbəkistandan Fərqanə hadisələri zamanı qovulmuş ahıska türkləridir. Təxminən 600 minə qədər isə işğal olunmuş Azərbaycan torpaqlarından zorla çıxarılmış məcburi köçkünlərdir. Bundan başqa, 100 min nəfər sərhəd zonalarından və cəbhə xəttində yerləşən ərazilərdə ev-eşiyini tərk edənlərdir.
Qaçqın və məcburi köçkün probleminin Azərbaycanda bir nömrəli məsələ olduğunu deyən Əli Həsənov xatırladıb ki, Neft Fondu yaradılarkən Ermənistandan qovulmuş qaçqınların siyasi statuslarını öz doğma torpaqlarına qayıdanadək sabit saxlanacağı qeyd olunur. Onun sözlərinə görə, Azərbaycanın hökumət nümayəndələri də bunu dəfələrlə söyləyiblər.
“Ermənistandan qovulmuş insanlarımız qaçqın statusuna malikdir. Düzdür, onların imtiyazları ləğv olunub, çünki onlar məskunlaşıblar. Lakin bu, o demək deyil ki, onlar öz statuslarını itiriblər. Xeyr, qaçın statusu Ermənistandan qovulmuş insanlar öz doğma yurdlarına qayıdana qədər saxlanılır” – deyə, komitə sədri əlavə edib.