Gəncədə məskunlaşan qaçqın və məcburi köçkünlər yeni mənzillərə köçürlər

Gəncədə məskunlaşan qaçqın və məcburi köçkünlərin yeni qəsəbəyə köçürülməsinə başlanılmışdır…

Gəncədə məskunlaşan qaçqın və məcburi köçkünlərin yeni qəsəbəyə köçürülməsinə başlanılmışdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Gəncə nümayəndəsi Süleyman Abbasov AzərTAc-a bildirmişdir ki, əvvəlcə şəhərin ali və orta ixtisas təhsili müəssisələrinin yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülməsinə başlanılmışdır. Yeni binalara Kəlbəcərdən olan 1400, Cəbrayıl, Ağdam, Laçın, Füzuli, Xocalı, Şuşa, Xocavənd və Zəngilandan olan 100, ümumilikdə, 1500 ailə və yaxud 6750 nəfər köçürüləcəkdir.

İlk olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında məskunlaşan ailələr köçürülürlər. Köçürülmədə istifadə edilən nəqliyyat vasitələri dövlət hesabına təmin olunur.

Komitənin Gəncə nümayəndəsi onu da vurğulamışdır ki, yeni qəsəbədə hər bir şərait yaradılmışdır. Burada 25 ədəd beşmərtəbəli yaşayış binası, 1200 yerlik orta məktəb binası, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, gözəl və yaraşıqlı mədəniyyət sarayı, eləcə də ATS, qaz, elektrik və su təchizatı üçün binalar inşa edilmişdir.

 

AzərTac.az