Gürcüstan lazım gələrsə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze azərbaycanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Cənubi Qafqaz bütöv orqanizmdir, onu parçalamaq mümkün deyil. Hər üç Cənubi Qafqaz ölkəsi anlamalıdır ki, biz eyni vəziyyətdəyik və bizim müstəqilliyimiz, suverenliyimiz ayrılmaz surətdə bağlıdır. Əgər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Gürcüstanın vasitəçiliyi lazım olarsa, biz hazırıq “, – nazir deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır… Trend.