Gürcüstan və Aİ “Şahdəniz-2 ” layihəsinin həyata keçirilməsini müzakirə ediblər

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə energetika məsələləri üzrə Avropa komissarı Günter Ottingerlə görüşüb…

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə energetika məsələləri üzrə Avropa komissarı Günter Ottingerlə görüşüb.

Baş nazirin dəftərxanasından Trend-ə bildiriblər ki, görüş zamanı tərəflər ölkənin Avropa İttifaqının “Enerji birliyi ” layihəsinə daxil olmasının perspektivlərini müzakirə ediblər.

Görüşdə qeyd olunub ki, Aİ Gürcüstanın “Enerji birliyi “nə daxil olması ideyasını dəstəkləyir. Quruma daxil olmağa hazırlıq prosesinə gəldikdə, bu məsələ üzrə danışıqlar təxminən altı-səkkiz ay davam edəcək və müvafiq saziş bu ilin oktyabrında imzalanacaq.

Görüş zamanı tərəflər bir sıra enerji məsələlərini də müzakirə ediblər və əsas diqqət Azərbaycan qazının Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəqlinə imkan verəcək “Şahdəniz ” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması məsələsinə ayrılıb.

G.Ottingerin qeyd etdiyi kimi, Azərbaycan qazının Gürcüstana tranziti zamanı Gürcüstan nəql edilən həcmdən beş faiz əldə edəcək ki, bu da ölkənin qaz təchizatını yaxşılaşdıracaq.

Görüşdə Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və ölkənin energetika naziri Kaxa Kaladze də iştirak ediblər.

/Trend/