Həmsədrlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindədirlər

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Jak For, Yan Kelli və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Bərdə rayonuna gedib. APA-nın xəbərinə görə, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonunun Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində monitorinq keçiriləcək…

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Jak For, Yan Kelli və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Bərdə rayonuna gedib. APA-nın xəbərinə görə, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonunun Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində monitorinq keçiriləcək.

Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi aprelin 4-də təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətdə olan hissəsindən işğal olunmuş Ağdərə istiqamətinə keçəcəklər.

Rusiyadan olan həmsədr İqor Popov jurnalistlərə bu gün təmas xəttinin qarşı tərəfinə keçəcəklərini, orada görüşlər keçirəcəklərini, geri dönəndən sonra bu barədə mətbuata açıqlama veriləcəyini deyib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeniy Şarov və ofisin maliyyə administrasiyasının rəhbəri Conattan Ferrabi, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Sabahkı monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçmələri planlaşdırırlar.

/APA/