Hafiz Hacıyev: Jirinovskini mən ağıllandırdım

“Atasının kim olduğunu, harada anadan olduğunu ona çatdıra bilərik”…

“Atasının kim olduğunu, harada anadan olduğunu ona çatdıra bilərik”.

Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski öz millətini sevən adamdır. Onun bu xarakterini alqışlamaq lazımdır. Jirinovski Azərbaycana gəlsə, onunla təmas qurmağa cəhd edəcəyəm. 

Oxu.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. 

O, Rusiya Dövlət Duması deputatının Azərbaycana gələcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən qeyd edib ki, V.Jirinovki ilə görüşməsi üçün Moskvadakı müşaviri Məhəmməd İsmayılovu Azərbaycana çağırıb. 

H.Hacıyevin sözlərinə görə, Müasir Müsavat Partiyası sədrinin MDB məkanı üzrə müşaviri sabah Azərbaycana gəlib ona görüşlə bağlı təkliflər verəcək. 

Partiya rəhbəri onu da söyləyib ki, Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovksinin Azərbaycana qarşı münasibətinin müsbətə doğru dəyişməsində özünün və müşavirinin çox böyük rolu olub. 

“Müşavirimi Jirinovskinin yanına göndərdim ki, Azərbaycan haqqında xoşagəlməz sözlər danışmasın. Həqiqətən də müşavirim ona müəyyən məlumatlar çatdırandan sonra Jirinovski Azərbaycan haqqında xoş ifadələr səsləndirməyə başladı. Özüm də Jirinovski ilə əlaqə saxlamaq üçün çox cəhdlər etdim, lakin köməkçisi telefonu götürəndə hər dəfə deyirdi ki, Jirinovski Dumadadır. Sonradan müşavirim Jirinovski ilə görüşüb Azərbaycan həqiqətləri ilə bağlı kitabları ona verib. Ona görə də Jirinovskinin Azərbaycan haqqında fikirləri dəyişdi. Onun ağıllandırılmasında mənim çox böyük rolum olub”. 

Hafiz Hacıyev Jirinovski ilə görüşəcəyi təqdirdə hansı məsələləri müzakirə edəcəyini də deyib. 

“Jirinovskinin proqramında partiya sədrləri ilə görüş olsa, mən bildiyim məlumatları ona çatdıracağam. Jirinovskinin atası haqqında bilmədiyi şeylər var. Onun atası türkdən törəyən bir adamdır. İstəsə atasının kim olduğunu, harada anadan olduğunu ona çatdıra bilərik. Biz onu Azərbaycana qarşı nifrətindən çəkindirmək üçün işlər görməyə hazırıq”.

Qeyd edək ki, V.Jirinovskinin sentyabrın sonunda Azərbaycana gələcəyi xəbərini yayıb.

www.oxu.az