Layihə haqqında film nümayiş olunub…
Layihə haqqında film nümayiş olunub.
Dekabrın 2-də Heydər Əliyev Mərkəzində “Qarabağın səsi” layihəsinin təqdimatı olub.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin həyata keçirdiyi bu layihə Azərbaycan milli mədəniyyətinin yaşadılması, inkişaf etdirilməsi və tanıdılması, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədini daşıyır.
Belə ki, “Qarabağın səsi” layihəsinə daxil olan musiqi albomundakı kompozisiyalar Azərbaycanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocəvənd, Xocalı, Zəngilan, Şuşa, Xankəndi, Kəlbəcər, Füzuli, Ağdam, Laçın, Cəbrayıl və Qubadlı bölgələrinə həsr olunur. Kompozisiyaların müəllifi Əməkdar Artist Rain Sultanovdur.
Layihənin reallaşmasında Xalq Artisti Alim Qasımov, əməkdar artistlər Yasəf Eyvazov və Şahin Növrəsli, İsveç Dövlət kamera orkestrinin üzvü Linnea Olson, İsveç, Yaponiya və Gürcüstan musiqiçilərindən Peter Nilson, Yasuhito Mori və İrakli Koiava iştirak ediblər.
Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ictimaiyyət və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə çıxış edən “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev bu layihənin ərsəyə gəlməsindən söz açıb.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində “Qarabağın səsi” musiqi albomuna daxil olan kataloq da nəşr olunub. Kataloqda Böyük Britaniyadan olan jurnalist İan Peartın Qarabağın Azərbaycanın tarixi və mədəniyyətində özünəməxsus yerinə dair fikirləri əksini tapıb. Nəşr Azərbaycan, ingilis, rus və ispan dillərində çap edilib.
Mərasimdə çıxış edən İan Peart Azərbaycanın və onun ayrılmaz hissəsi olan Qarabağın zəngin mədəniyyətindən söhbət açaraq, torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduğunu dərin təəssüflə qeyd edib. Xocalı hadisələri zamanı sağ qalan Yasəmən Həsənova ilə söhbətini xatırladan qonaq, bu xanımın indi Xocalıdan olanların övladlarına dərs dediyini və uşaqlara bu yerin necə gözəl olmasından söhbət açdığını diqqətə çatdırıb.
İan Peart belə bir layihənin ərsəyə gəlməsindən qürur duyduğunu, həmçinin azərbaycanlıların öz torpaqlarına qayıdacaqlarına ümidini ifadə edib.
Sonra Əməkdar Artist Rain Sultanov layihənin reallaşmasında əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.
Daha sonra layihə haqqında film nümayiş olunub.
Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan digər xalqlara və onların mədəniyyətlərinə hər zaman açıq olub, burada klassik və caz musiqisi dərindən kök salıb. Albomdakı musiqilərdən bunun bir daha şahidi olmaq mümkündür. Bu əsərlərdə torpaqlarımızın işğal edilməsinə etiraz, bu itkidən fiziki və mənəvi əziyyət çəkən insanlara qarşı bir mərhəmət duyulur.
Təqdimat mərasimində yerli və xarici musiqiçilər alboma daxil olan “Xocavənd”, “Xocalı”, “Zəngilan”, “Şuşa”, “Xankəndi”, “Kəlbəcər”, “Füzuli”, “Ağdam”, “Laçın”, “Cəbrayıl”, “Qubadlı” kompozisiyalarını ifa ediblər.
/oxu.az/