Qəbul olunan qərarların heç biri Ümumi Tikinti Reyestrinə daxil edilməsi üçün komitəyə göndərilməyib…
Qəbul olunan qərarların heç biri Ümumi Tikinti Reyestrinə daxil edilməsi üçün komitəyə göndərilməyib.
Respublikanın şəhər və rayonlarında inşa olunan yeni tikililərin həmin şəhər və rayonların memarlıq xidmətləri (baş memarları) tərəfindən razılaşdırılmış şəhərsalma sənədləri araşdırılarkən bu sahədə mövcud olan qanunvericiliyin, norma və qaydaların tələblərinin tez-tez pozulduğu aşkar edilib.
Oxu.Az xəbər verir ki, bunu “APA-Economics”ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev bildirib.
Onun sözlərinə görə, bu yoxlamalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsinə uyğun olaraq, komitənin aidiyyəti işçiləri tərəfindən həyata keçirilib.
Belə ki, tikintisi nəzərdə tutulan obyektlərin konkret ərazidə yerləşdirilməsi ərazi planlaşdırılması baxımından yetərincə əsaslandırılmır, bir çox hallarda yaşıllıqların məhv edilməsinə yol verilir, layihələr mövcud Baş plana və ya müfəssəl planlaşdırma layihəsinə uyğun gəlmir, ərazinin tikinti sıxlığı və şəhərsalma reqlamenti pozulur. Tikintiyə icazə verilməsi barədə qəbul olunan qərarların heç biri Ümumi Tikinti Reyestrinə daxil edilməsi üçün komitəyə göndərilməyib. Müxtəlif layihə təşkilatları və firmalar tərəfindən hazırlanan layihələrin memarlıq planlaşdırma həlləri, istər sənədlərin dəsti, yəni komplekt şəkildə olması baxımından, istərsə də məzmun baxımından mövcud standartların tələblərinə cavab vermir.
Şəhər və rayonların memarlıq xidmətləri tərəfindən ilkin şəhərsalma sənədləri və ayrıca aktları olmadığından, layihələndirməyə başlama mürəkkəbləşir və ya mümkün olmur. Buna görə də layihəçilər tərəfindən göstərilən tələbləri pozaraq memarlıq-planlaşdırma göstərişləri və sahələrinin ayrıca aktı olmadan icra hakimiyyəti orqanlarına sifarişçinin istəyi ilə mürəkkəb tiklilərin yalnız “eskiz layihəsi” təqdim olunur. Bunlar da əsasən həmin İcra Hakimiyyətinin memarlıq xidməti tərəfindən razılaşdırılır.
Buna baxmayaraq, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq əhalinin fərdi yaşayış evi tikintisinə başlamaq üçün məlumatlandırma hüququ bir çox hallarda müvafiq əsaslar olmadan belə müxtəlif bəhanələrlə və yerli icra hakimiyyəti tərəfindən qəbul edilən qərarlarla məhdudlaşdırılır ya da qarşısı alınır.
Bütün bunları nəzərə alaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov respublikanın bütün şəhər və rayon icra hakimiyyəti başçılarına xüsusi məktub ünvanlayıb. Məktubda göstərilən nöqsanlara yol verilməməsi məqsədilə müvafiq tədbirlər görülməsi xahiş olunmaqla yanaşı, belə hallar təkrar olunduğu halda Baş memarların vəzifəyə uyğunsuzluğu haqda vəsatət qaldırılacağı, həmçinin belə nöqsanlara yol vermiş layihə müəlliflərinin lisenziyalarının fəaliyyətinin dayandırılacağı diqqətə çatdırılıb.