İlham Əliyev: Böyük qurbanlar verməli idik

“Biz birik, yekdilik”…

“Biz birik, yekdilik”.

Zənnimcə, 1990-cı illərin əvvəllərində baş verənlər göstərdi ki, biz azad olmaq, müstəqillik üçün böyük qurbanlar verməli idik. Lakin cəmiyyətimizin bütün üzvləri tam əmin idi ki, bu vəziyyət uzun çəkə bilməz. Biz doğma torpaqlarımıza qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Oxu.Az xəbər verir ki, bunu Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident vurğulayıb ki, Azərbaycan xalqı, 1 milyon qaçqın və məcburi köçkün hazırda işğalçılar tərəfindən zəbt olunmuş torpaqlarında, doğma yurdlarında yaşamaq hüququnu bərpa edəcək.

“1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda ermənilər qeyri-qanuni referendum keçirdilər. Bundan öncə, Dağlıq Qarabağın əhalisinin üçdəbirini təşkil edən etnik azərbaycanlılar oradan qovulmuşdur. Bu hadisədən sonra qeyri-qanuni referendum keçirildi. Bu səbəbdən, dünyanın heç bir ölkəsi nə həmin “referendum”u, nə də qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Bir sözlə, beynəlxalq hüquq, ədalət və tarix mövqeyimizi dəstəkləyir. Lakin aydın şəkildə anlayırıq ki, ədaləti və beynəlxalq hüququ bərpa etmək üçün bu, kifayət deyildir. Bunu etmək üçün biz daha güclü olmalıyıq. Əfsuslar olsun, görürük ki, güc yenidən beynəlxalq münasibətlərin gündəliyində əsas yer tutur”.

Azərbaycan prezidenti dövlətin əsas prioritetlərini də açıqlayıb:

“Bizim üçün əsas prioritet ərazi bütövlüyümüzün bərpa edilməsi, müstəqilliyimizin gücləndirilməsidir və daha yaxşı həyat standartlarının xalqımız üçün təmin edilməsidir. Bütün bu elementlər bir-biri ilə bağlıdır. Əgər insanlar hökumətin gördüyü işin nəticələrini görürlərsə, gündəlik əsaslarla onların həyat tərzi yaxşılaşırsa, öz ölkəsi ilə fəxr edirlərsə, onda cəmiyyət güclü olur, parçalanmır. Cəmiyyət əsas məqsədlər ətrafında səfərbər olunur, öncə qeyd etdiyim kimi, müstəqillik və suverenlik məqsədi ətrafında toplaşır “.

İlham Əliyev problemlərdən də danışıb:

“Əlbəttə ki, Azərbaycanın inkişafı, çatışmazlıqlar və problemlər barədə cəmiyyətimizdə müxtəlif fikirlər vardır. Biz cəmiyyətimiz daxilində bu müzakirələri hər zaman yüksək dəyərləndiririk. Lakin həyatımızın strateji aspektinə gəldikdə, biz birik, yekdilik. Bu birlik bizi beynəlxalq səhnədə gücləndirir, bizə bu gün dünyanın üzləşdiyi problemlər haqqında açıq danışmaq, öz mövqeyimizi, beynəlxalq hüququ müdafiə etmək imkanını verir. Belədir ki, var”.

www.oxu.az