İlham Əliyev: Ermənistan münaqişənin həllində maraqlı deyil

“Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”…

“Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsini dəstəkləyir. Azərbaycan özü terrorizmin qurbanı olub. Təkcə müstəqillik illərində erməni terror təşkilatları Ermənistanın dövlət qurumlarının rəhbərliyi ilə Azərbaycana qarşı 30-dan artıq terror aktı törədiblər ki, bunun da nəticəsində 2000-dən çox insan həlak olub. 

Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında çıxışı zamanı deyib.

İlham Əliyev bildirib ki, bu terror aktları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsidir: 

“Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 1992-ci ilin fevral ayında erməni silahlı qüvvələri Xocalıda dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Bu soyqırımı nəticəsində 613 günahsız insan qətlə yetirilmişdir. Bu gün dünyada 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanımışdır “.

Dövlət başçısı qeyd edib ki, beynəlxalq birlik və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır: 

“Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Mən, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üzvü olan dövlətlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiklərinə görə təşəkkür edirəm”.

Prezident vurğulayıb ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bu günə qədər irəliləyiş əldə edilməyib: 

“Ermənistan münaqişənin həllində maraqlı deyil. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Münaqişə şəraitində olmasına baxmayaraq, Azərbaycan son illərdə sürətli inkişaf dövrünü yaşayır. İqtisadiyyatımız 3 dəfədən çox artmış, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşmüşdür. Bu inkişaf Azərbaycanda sabitliyin təmin olunması nəticəsində əldə edilmişdir. Eyni zamanda, bu nailiyyətlər sabitliyi daha da möhkəmləndirir”.

Şanxay Zirvə Toplantısında Bəyannamə qəbul edildi. Bəyannamədə Azərbaycan üçün önəmli olan müddəalar əksini tapmışdır.

www.oxu.az