İlham Əliyev Gürcüstan və Türkiyə prezidentləri ilə görüşəcək

“Bu görüş Bakı-Tiflis-qars dəmir yolu xəttinin inşasının sona çatdığı bir dövrə təsadüf edir”…

“Bu görüş Bakı-Tiflis-qars dəmir yolu xəttinin inşasının sona çatdığı bir dövrə təsadüf edir”.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Gürcüstanın paytaxtı Tiflisdə baş tutacaq “2014 Tbilisi sammit” adlı beynəlxalq forumda iştirak edəcək Türkiyə və Azərbaycan prezidentlərini qəbul edəcək. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçiriləcək. 

Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin görüşü region üçün önəmlidir. Gürcüstanın paytaxtı Tiflis 2 gün sonra reallaşacaq təhlükəsizlik sammitinə hazırlaşır. Artıq paytaxtın əksər küçələrində keçiriləcək sammitin bilbordları asılıb. 

Martın 6-da keçirilməsi planlaşdırılan təhlükəsizlik sammitində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri də iştirak edəcək. Siyası politoloqlar isə bu sammitin Gürcüstan üçün önəmli olduğunu bildirirlər.

Müstəqil Ekspertlər Klubunun prezidenti Soso Çiskarişvili:

“Bu görüş Bakı-Tiflis-qars dəmir yolu xəttinin inşasının sona çatdığı bir dövrə təsadüf edir. Və çox güman ki, prezidentlər bu görüşdə dəmir yolu xəttinin digər detallarını müzakirə edəcəklər. Çünki hazırda hər 3 ölkə üçün ən əhəmiyyətli məsələ budur. Amma prezidenlərin görüşü təkcə Bakı-Tiflis Qars dəmir yolu xətti mövzusunu əhatə etmir. Bu həm də Gürcüstan üçün iqtisadə baxımdan əhəmiyyətli görüşdür”. 

Bir neçə gün əvvəl Gürcüstanın Maestro telekanalına müsahibə verən Gürcüstan prezidenti də keçiriləcək sammit haqqında danışıb. Prezident Marqvelaşvili bu sammitin nəinki Gürcüstan üçün, hətta region üçün önəmli olduğunu vurğulayıb. O, sammitdə bir çox məsələlərin, o cümlədən təhlükəsizlik məsələlərinin müzakirə olunacağını bildirib. 

Qeyd edək ki, bu formatda sonuncu görüş fevralın 19-da Azərbaycanın Gəncə şəhərində keçirilib. Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərləri iştirak ediblər.

www.oxu.az