Spiker Kosovo ilə bağlı Azərbaycanın mövqeyinə görə minnətdarlığını bildirdi…
Spiker Kosovo ilə bağlı Azərbaycanın mövqeyinə görə minnətdarlığını bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 11-də Serbiya Respublikasının parlamentinin sədri Maya Qoykoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan dövlət başçısı siyasi əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə etdi və bunun iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yaratdığını bildirdi.
Maya Qoykoviç ölkəsinin iqtisadi əməkdaşlığın genişləndirilməsində və Azərbaycanın Serbiya iqtisadiyyatına investisiya qoymasında maraqlı olduğunu bildirdi. Parlament sədri iki ölkələrin beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq etdiyini dedi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini deyən Maya Qoykoviç Kosovo ilə bağlı Azərbaycanın mövqeyinə görə minnətdarlığını bildirdi. Parlament sədri ölkəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılmasını, eləcə də dahi bəstəkar Üzeyir Hacıbəylinin Serbiyada, Bakıda isə serb xalqının böyük oğlu Nikola Teslanın abidələrinin açılışını ölkələr arasında dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirdi. O, Serbiyada məscid və kilsənin əsaslı şəkildə yenidən qurulmasına və bu yaxınlarda daşqınlar zamanı ilk ölkələrdən biri olaraq Azərbaycanın göstərdiyi yardıma görə serb xalqı və şəxsən öz adından Prezident İlham Əliyevə minnətdarlıq etdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Serbiyanın mövqeyini yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycanın da Kosovo ilə əlaqədar Serbiyanın mövqeyini dəstəklədiyini bir daha vurğuladı.
Görüşdə iki ölkə arasında nəqliyyat, investisiya qoyuluşu, energetika və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.