Oktyabrın 23-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasyası (AVCİYA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İşğalçının ifşası: Görünən kəndə bələdçilik cəhdi” layihəsi çərçivəsində ilk dəyirmi masa keçirib.
“Təcavüzə “hazırlıq” və Ermənistanın Azərbaycana silahlı təcavüzü” adlanan bu dəyirmi masada münaqişənin siyasi və tarixi mənşəyi, hüquqi aspektləri müzakirə olunub.
Tədbirdə AMEA Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev, AVCİYA-nın vitse-prezidenti, tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Vaqif Abışov, həmin İnstitutun “Qarabağ tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli, “1905.az” portalının direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev, layihənin rəhbəri İrina Muxtarova, 1905.az saytının eksperti Təmkin Məmmədli və dəyirmi masaya onlayn şəkildə qatılan tarix üzrə elmlər doktoru, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya iştirak ediblər.
Dəyirmi masanın moderatoru Fuad Babayev “İşğalçının ifşası: Görünən kəndə bələdçilik cəhdi” layihəsi çərçivəsində ilk söhbətin Cənab Prezidentin, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun əldə etdiyi müstəsna uğurları fonunda baş verməsini xüsusi vurğulayaraq tədbir iştirakçılarına layihə haqqında məlumat verdi.
Erməniliyin Azərbaycana təcavüzünün tarixi kökləri haqqında danışan Qasım Hacıyev bildirdi ki, tarixi saxtalaşdıran hayların Qafqaza heç bir aidiyyatı yoxdur. Onlar Aralıq dənizi sahillərindən Ön Asiyaya gələrək Kilikiya ərazisində yaranmış dövlətlərin tərkibində yaşayıblar.
Dəyirmi masada onlayn formatda iştirak edən Quram Marxuliya da ermənilərin Qafqaza XIX əsrdə gəlməsindən danışıb. Marxuliya qeyd edib ki, erməni xalqının tarixi missiyası və məqsədi qonşu xalqların və ölkələrin ərazisini mənimsəməkdir. Onların Azərbaycana və Gürcüstana qarşı ərazi iddiaları heç bir tarixi fakta əsaslanmır.
Güntəkin Nəcəfli qeyd edib ki, ermənilərin haradan gəlməsinin heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, onlar Cənubi Qafqazın aborigen əhalisi deyil. Ermənilərin Balkan yarımadasından Frigiya qulları kimi Ön Asiyaya köçürülməsi fikri “tarixin atası” Herodota məxsusdur. Çar Rusiyasının Cənubi Qafqazı işğal etmək üçün ermənilərdən istifadə olunmasına diqqət çəkən tarixçi köçürülmə zamanı onlara göstərilən xüsusi qayğı və imtiyazlardan danışıb.
Müzakirələrə qoşulan Vaqif Abışov bildirib ki,“Erməni məsələsi”nin gündəmə gəlməsi, uydurma “Böyük Ermənistan” xülyasının və erməni terror təşkilatlarının yaranması, ermənilərin Cənubi Qafqaza köçürülməsinin məqsədi beynəlxalq konfranslarda, elmi diskussiyalarda daim səsləndirilən mövzular sırasındadır. Bu məsələlərlə bağlı arxiv sənədlərinin, elmi tədqiat əsərlərinin sübut etdiyi həqiqətlər xarici müəlliflərə də gün kimi aydındır.
İslama qədərki tariximizə biganəliyimzdən danışan Məhərrəm Zülfüqarlı Azərbaycan tarixinin daha dərindən öyrənilməsinin vacibliyinə diqqət çəkib. AVCİYA-nın və onun prezidenti Elxan Süleymanovun bu layihəyə qədər erməniliyin ifşası ilə bağlı gördüyü işləri qeyd edən Məhərrəm Zülfüqarlı Azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş “Xocalı soyqırımı: milyon imza – bir tələb” kitabı, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı 1 milyon Azərbaycan vətəndaşının imzasının toplandığı 16 cildlik toplu, 1918-ci il Şamaxı soyqrımına həsr edilmiş nəşr və beynəlxalq elmi–praktik konfrans, Azərbaycan ərazisinin Ermənistan qoşunları tərəfindən işğalını və Sərsəng su bəndinə görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan AŞPA-nın 2085 (2016) saylı qətnaməsinin müddəalarının yer aldığı petisiya haqqında məlumat verib. O bildirib ki, “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiya 300 mindən çox səs toplamaqla Ağ Evə müraciət platforması tarixində ikinci ən məşhur petisiya olub.
Tədbirin sonunda Təmkin Məmmədli qeyd edib ki, erməniliyin ifşasına həsr edilmiş layihələr bizim müzəffər ordumuzun qələbəsindən əvvəl necə zəruri idisə, qələbədən sonra da bu istiqamətdə fəaliyyətin davam etdirilməsi bir o qədər vacibdir. Ermənistanın Azərbaycana təcavüzünü daim dünya ictimaiyyətinin diqqətinə çatdıran AVCİYA-nın fəaliyyətindən danışan Təmkin Məmmədli Aqil Şahmuradovun “1905.az kitabı” seriyasından Azərbaycan, ingilis və rus dillərində işıq üzü görən “Ermənilər Cənubi Qafqazda” (məskunlaşma tarixindən) kitabı barəsində məlumat verib.
AVCİYA-nın Mətbuat xidməti