İsveçrənin Azərbaycandakı səfiri: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərin güclü iradəsi tələb olunur” – MÜSAHİBƏ

“İsveçrə ATƏT-ə sədrliyi dövründə Azərbaycanla Ermənistanın vətəndaş cəmiyyətləri arasında təmasları dəstəkləyəcək”…

“İsveçrə ATƏT-ə sədrliyi dövründə Azərbaycanla Ermənistanın vətəndaş cəmiyyətləri arasında təmasları dəstəkləyəcək”

 

Bakı. Şamil Əlibəyli – APA. İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Paskal Obişerin (Pascal Aebischer) APA-ya eksklüziv müsahibəsi

 

– Azərbaycanla İsveçrə arasında siyasi və iqtisadi əlaqələrin səviyyəsi Sizi qane edirmi?

 

– Bizim siyasi, iqtisadi və mədəni əlaqələrimiz dinamik və müsbət şəkildə inkişaf edir. Ölkələrimiz arasında mütəmadi olaraq prezident, nazir və parlamentlər səviyyəsində qarşılıqlı səfərlər baş tutur. Prezident İlham Əliyev mütəmadi olaraq Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir, eyni zamanda 2009-cu ilin oktyabrında İsveçrəyə səfər edib. İsveçrənin iki prezidenti artıq sizin ölkənizi ziyarət edib. Ötən il İsveçrə Kantonlar Şurasının prezidenti Filippo Lombardi Bakıda səmərəli görüşlər keçirib. Çoxtərəfli səviyyədə Azərbaycan Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Qlobal Ekoloji Fondun üzvüdür və bunun əməkdaşlıq üçün böyük əhəmiyyəti var. Bu cür müsbət əlaqələr uğurlu iqtisadi əməkdaşlıq üçün möhkəm əsas yaradır.

 

Bildiyiniz kimi, ötən il Azərbaycan hökuməti “Şahdəniz-2” yatağından qazın nəqli ilə bağlı seçimi Trans-Adriatik boru kəmərinin lehinə edib. Bu layihədə İsveçrə şirkəti də iştirak edir. Eyni zamanda Azərbaycan İsveçrə şirkətləri üçün daha da cəlbedici olmağa başlayır. Azərbaycanda müxtəlif sahələrdə çalışan 70 İsveçrə şirkəti fəaliyyət göstərir.

 

Beynəlxalq əməkdaşlıq sahəsində İsveçrə 2001-ci ildən bəri Azərbaycana 80 milyon dollar ayırıb və 2016-ci ilə qədər daha 30 milyon dollar sərmayə yatıracaq. Bu vəsaitlər kənd təsərrüfatı, kənd yerlərinin inkişafı, özəl sektorun inkişaf etdirilməsi, maliyyə sektorunun islahı, makroiqtisadi dəstək və digər sahələrdə istifadə olunur. Bununla da iqtisadi inkişafa, yaxşı idarəetməyə və məcburi köçkünlərin yaşayış standartlarının yaxşıllaşdırılmasına töhfə verilir.

 

– Bu il İsveçrə ATƏT-də sədrlik edir. İsveçrənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesinə töhfə verməsi nöqteyi-nəzərdən nizamlama prosesinin perspektivlərini necə görürsünüz?

 

– İsveçrənin sədrliyi “Hər kəsin faydası üçün təhlükəsiz cəmiyyətin yaradılması” şüarı altında keçir. Təhlükəsizlik və stabillilik məsələləri Avropanın hər bir yerində yaşayan insanların rifahı üçün çox vacibdir. İsveçrə Konfederasiyasının prezidenti və ATƏT-in fəaliyyətdə olan sədri olaraq Didye Burqhalter bu yaxınlarda bildirib ki, ATƏT Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla uzadılmış münaqişələrdə tərəqqi əldə edilməsi üçün ciddi iş görəcək. İsveçrə sədrliyi dövründə ATƏT-in Minsk Qrupunun səylərini və Azərbaycanla Ermənistanın vətəndaş cəmiyyətləri arasında təmasları dəstəkləyəcək. Sədrlik çərçivəsində insanlar arasında müxtəlif səviyyələrdə təmasların olmasına dəstək verməyə çalışacağıq. Ümid edirik ki, yüksək səviyyədə olan vasitəçilik səyləri və vətəndaş cəmiyyətinin təşəbbüsləri qarşılıqlı olaraq bir-birini tamamlayacaq.

 

Şübhəsiz ki, tərəqqiyə bir gecədə nail olmaq mümkün deyil və münaqişənin həlli üçün tərəflərin güclü iradəsi tələb olunur. Ümid edirik ki, 2014-cü il mayın 20-də 1994-cü ildə imzalanan atəşkəs sazişin imzalanmasının 20-ci ildönümü barışıq ruhunda qeyd olunacaq. Əminik ki, region bu münaqişənin həllindən fayda qazanacaq.

 

– İsveçrə Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması prosesinə təkan vermişdi. Bu prosesin gələcəkdə davam etdirilməsi ilə bağlı hansısa planlar mövcuddurmu?

 

– Xalqların bir-biri ilə sülh şəraitində yaşaması İsveçrənin xarici siyasətinin əsas məqsədlərindən biridir. İsveçrənin neytral mövqedə olması ölkəyə müxtəlif kontekstdə vasitəçi kimi hərəkət etməyə imkan verir. İsveçrə, xüsusilə Cenevrə yüksək səviyyəli görüşlərin və konfransların keçirilməsi ənənələrinə malikdir. İsveçrə bir-biri ilə diplomatik əlaqələri olmayan ölkələrin maraqların qorunması üçün çox yaxşı imkanlar təklif edir. Məsələn, İsveçrə ABŞ-ın Kuba və İranda, Kubanın isə ABŞ-da olan maraqlarını təmsil edir. İsveçrə Rusiya və Gürcüstanla da bağlı eyni mandata malikdir.  

 

İsveçrə 2009-cu il oktyabrın 10-da Sürixdə Ermənistan-Türkiyə protokollarının imzalanması ilə yekunlaşmış prosesdə vasitəçi rolunu oynayıb. İsveçrə iki ölkənin cəmiyyətləri və hökumətlərinin əlaqələrinin normallaşdırılması istiqamətdə səylərini alqışlayır. Biz hər iki ölkənin əlaqələrin normallaşdırılması istiqamətində işlərini dəstəkləyirik, amma təbii ki, yaxınlaşmanın istiqamətini və sürətini müəyyən etmək hər iki tərəfin özünə həvalə olunmalıdır.

 

– Bu il səfərlərin baş tutması gözlənilirmi?

 

– İsveçrə prezidenti və ATƏT-in fəaliyyətdə olan sədri Didye Burqhalterin yay aylarına qədər Azərbaycana və Cənubi Qafqazın digər ölkələrinə səfəri gözlənilir.

 

/Apa/