İsveçrənin “Die Wochenzeitung” qəzetində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş məqalə dərc edilib

İsveçrənin nüfuzlu qəzetlərdən sayılan “Die Wochenzeitung”da jurnalist Andre Vidmerin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi dərc edilib…

İsveçrənin nüfuzlu qəzetlərdən sayılan “Die Wochenzeitung”da jurnalist Andre Vidmerin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi dərc edilib. Azərbaycanın İsveçrədəki səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə xüsusən qoşunların təmas xəttində yerləşən Füzuli rayonunun Alxanlı və Aşağı Əbdürrəhmanlı, eləcə də Tərtər rayonunun Həsənqaya kəndlərində mövcud vəziyyət, kənd sakinlərinin gündəlik həyat tərzi, atəşkəs rejiminin daim pozulması nəticəsində əhalinin üzləşdiyi təhlükələr, erməni təcavüzkar siyasətinin fəsadları, infrastrukturun tamamilə dağıdılması, ərazilərin talan edilməsi barədə söz açılır.

Məqalənin “Düşmən nəzarətində olan rayon mərkəzləri” bölümündə Ermənistan təcavüzkar siyasəti nəticəsində Füzuli rayonunun 62 yaşayış məntəqəsinin işğal edilməsi, rayon mərkəzinin hazırda düşmən tərəfindən nəzarət olunan ərazidə yerləşməsi diqqətə çatdırılır. Cəbhə xəttində yerləşən Azərbaycan kəndləri mövzusuna toxunan jurnalist burada 2011-ci ildə doğma evinin həyətində oynayan doqquz yaşlı Fariz Bədəlovun düşmən gülləsi ilə öldürüldüyünü xatırladıb.

Məqalənin “Unudulmuş münaqişə” adlı digər bölümündə isveçrəli jurnalist qaçqın düşmüş insanların yaşadıqları anları və çəkdiyi əziyyəti məharətlə göstərib. Məqalə müəllifi həmçinin ATƏT-in vasitəçilik rolunun bu günədək heç bir nəticə vermədiyini, müharibənin yenidən alovlanması ilə bağlı ekspertlərin ehtimallarını, Dağlıq Qarabağ və ətraf yeddi rayonun hələ də işğal altında saxlanılması faktını açıq şəkildə ön plana çəkib.

/APA/