İzmirdə Xocalı soyqırımının qurbanları anılıb

Fevralın 23-də Türkiyənin İzmir şəhərində Xocalı soyqırımının 22-ci ildönümü qeyd olunub…

Fevralın 23-də Türkiyənin İzmir şəhərində Xocalı soyqırımının 22-ci ildönümü qeyd olunub.

Trend-in məlumatına görə, tədbir Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyədə fəaliyyət göstərən Azərbaycan Dostluq və Qardaşlıq Dərnəyi tərəfindən təşkil olunub.

Tədbirin əvvəlində Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova bildirib ki, xaricdə fəaliyyət göstərən 100-dən çox Azərbaycan nümayəndəliyi Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlər keçirir: “Lakin Azərbaycan-Türkiyə qardaşlığını nəzərə alaraq, Türkiyədə bu tədbirlər xüsusi əhəmiyyət daşıyır və bütün fevral ayı ərzində keçirilir “.

N.Nəsibova “Dünya Hocalıyı anlatıyor ” adlı xüsusi yaradıcılıq layihə-müsabiqəsində iştirak edən 29 ölkədən 53 tələbə və məktəbliyə minnətdarlığını bildirib.

Azərbaycan Milli Məclisinin deputatı Qənitə Paşayeva çıxışında qeyd edib ki, soyqırım dünya birliyinin Azərbaycan ərazilərinin 20 faizinin ermənilər tərəfindən işğalına göz yumması üzündən baş verib. O, soyqırım günahkarlarının layiqli cəza alması və belə faciələrin təkrarlanmaması üçün “Xocalıya ədalət ” təşəbbüsü çərçivəsində səyləri birləşdirməyə çağırıb.

Tədbirdə müsabiqənin qalibləri mükafatlandırılıb. Onlar arasında Azərbaycan və Türkiyə ilə yanaşı, Qırğızıstan, Monqolustan, Qvineya, Əfqanıstan və digər ölkələrdən təhsil alanlar da olub.

İlk dəfə bu tədbirdə Xocalı soyqırımı haqqında qumun köməyi ilə əllə rəsm çəkmək yolu ilə hazırlanmış film-hekayənin təqdimatı olub.

Tədbirdə İzmirdə təhsil alan müxtəlif ölkələrdən tələbə kollektivləri, cəmiyyətlər və şəhər administrasiyasının nümayəndələri iştirak və çıxış ediblər.

/Trend/