Türkiyə Azərbaycanla Ermənistan arasında münaqişə nizamlanacağı təqdirdə, bölgədə xidmət göstərəcək beynəlxalq hərbi missiyaya əsgər verməyə hazırdır.
Milli.Az xəbər portalı Türkiyənin Haberler.com saytına istinadən xəbər verir ki, Türkiyə əsgərlərinin Ermənistanla Dağlıq Qarabağı bir-birinə bağlayan Laçın dəhlizində xidmət keçməsi planlaşdırılır. Türkiyə dplomatik mənbələri Bakı və Yerevan arasında razılıq əldə edildikdən sonra Ermənistanın işğal altında saxladığı beş rayonu dərhal boşaldacağını, Laçın və Kəlbəcərin boşaldılmasının isə 5-8 il uzana biləcəyini bildirirlər.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Türkiyə KİV-də yayılmış məlumatı Milli.Az xəbər portalına şərh edib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin təqdim etdiyi planda işğal altındakı beş rayonun dərhal azad edilməsi, digər iki rayonun isə azad olunması ilə bağlı vaxt müəyyənləşdirilməsi, məcburi köçkünlərin öz evlərinə qayıtması və bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur: “Hazırda danışıqlar gedir. Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantını ümumi formada qəbul edir və bu mövqeyini açıqlayıb”.
O ki qaldı bölgəyə sülhməramlıların cəlb olunmasına, Elxan Poluxov deyir ki, bu barədə danışmaq hələ tezdir və hazırki mərhələdə bununla bağlı danışıqlar aparılmır.
Milli.Az