Laçında erməni kilsələri tikilməsi pulların havaya sovrulması deməkdir

Ermənistanın “Asbarez” İnternetnəşrində verilən məlumata görə, Azərbaycanın işğal edilmiş Laçın rayonunun ərazisində erməni kilsələri tikilir. Erməni apostol kilsəsinin nümayəndəsi Parqev Martirosyanın sözlərinə görə, yeni kilsələr açılması “həmin torpaqlarda erməni xristian məzhəbinin davam etdirilməsi” əlamətidir. Məlumatda daha sonra qeyd edilir ki, “Tüfəngyan” fondu Azərbaycanın işğal edilmiş Laçın rayonunda ermənilərin məskunlaşdırılmasına, onların inkişafına, o cümlədən kilsələr tikilməsinə kömək edir.

Bununla əlaqədar xatırlatmalıyıq ki, Azərbaycanda sitayiş obyektlərinin, o cümlədən kilsələrin tikilməsi qüvvədə olan qanunvericiliklə tənzimlənir. Müvafiq hakimiyyət orqanlarının icazəsi olmadan aparılan hər hansı tikinti qanunsuzdur və bu cür obyektlər barəsində qüvvədə olan qanunlara uyğun tədbirlər görüləcəkdir. Ermənistanda şübhə etməsinlər ki, işğal olunmuş ərazilərin işğaldan azad edilməsi indi, demək olar ki, labüddür və ondan sonra Dağlıq Qarabağa bitişik yeddi rayonda qanunsuz tikilmiş obyektlər, o cümlədən yeni kilsələr də söküləcəkdir – Azərbaycanın başqa hissələrində qanunsuz tikilmiş məscidlər söküldüyü kimi. Bu qayda yalnız həmin ərazilərdə münaqişə başlanana qədər mövcud olmuş və ya Azərbaycan hökumətinin icazəsi ilə tikilmiş sitayiş obyektlərinə şamil edilməyəcəkdir.

Yeni tikilmiş erməni kilsələri işğal olunmuş əraziləri əsla “erməni ərazilərinə” çevirməyəcək və bu cür utopik layihələrin müəlliflərinin son nəticədə həmin torpaqları Ermənistana birləşdirmək xülyasının çin olmasını zərrə qədər də olsa yaxınlaşdırmayacaqdır. Bu ərazilər Azərbaycanın olaraq qalacaq, qanunsuz tikililər isə söküləcəkdir! Qanunsuz tikilmiş obyektlərin sitayiş xarakteri daşıması onlara heç bir immunitet verməyəcəkdir. Buna görə də qoy həmin planların müəllifləri bu barədə illüziyalara uymasınlar.

Vüqar Seyidov, AZƏRTAC-ın xüsusi müxbiri

Berlin