Lavrov: “Rusiya Qarabağ münaqişəsinin tərəflərini ümumi məxrəcə gətirməyə çalışır”

“Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ və Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına şərait yaradılması məqsədi ilə hər şeyi edir”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“Rusiya Federasiyasının konkret planları ola bilməz, çünki problemi yalnız tərəflərin özləri həll edə bilərlər. Rusiya ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədrləri kimi belə nizamlama üçün şərait yaratmaq baxımından əlindən gələn hər şeyi edir”, – S.Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Rusiya danışıqlar prosesində münaqişə tərəflərini ortaq məxrəcə gətirməyə çalışır.

“Biz tərəflərin bütün mövqelərini ümumiləşdirərək böhranın, nizamlanmanın bu və ya digər aspekti üzrə hər iki tərəfə uyğun yanaşmalar təklif etməyə, eyni zamanda, tərəflərin hələ də fikir ayrılığı yaşadığı məsələlər üzrə müəyyən kompromisin əldə oluna biləcək aspektlərdə ortaq məxrəcə gəlməsi üçün son illərdə intensiv səylər göstərdik”, – Rusiyanın xarici işlər naziri söyləyib.

Report.az