Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT Radiosunun Rus Xidmətinə eksklüziv müsahibəsində Heydər Əliyev Fondunun Azərbaycanda və Rusiyada fəaliyyəti barədə danışmışdır…
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT Radiosunun Rus Xidmətinə eksklüziv müsahibəsində Heydər Əliyev Fondunun Azərbaycanda və Rusiyada fəaliyyəti barədə danışmışdır.
BMT Radiosu qeyd edir ki, Baş Məclisin nümayəndələri bu yaxınlarda ölkələr, təşkilatlar və ayrı-ayrı şəxslər arasında qlobal tərəfdaşlıq məsələlərini müzakirə etmişlər. BMT-də belə hesab edirlər ki, əməkdaşlığın möhkəmlənməsi dünya birliyinin inkişaf sahəsində məqsədlərə birgə nail olmasına kömək edəcəkdir.
Tərəfdaşlığın necə səmərə verməsini nümayiş etdirən nümunələrdən biri 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondunun fəaliyyətidir. Bu Fond Azərbaycanla yanaşı, Rusiya və bir sıra başqa ölkələrdə də fəaliyyət göstərir.
AzərTAc Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın BMT Radiosuna müsahibəsini təqdim edir.
BMT RADİOSU: Siz Heydər Əliyev Fondunun vitse-prezidentisiniz və çoxsaylı sosial layihələrdə iştirak edirsiniz. Sizi ictimai fəaliyyətlə məşğul olmağa sövq edən nə olmuşdur?
LEYLA ƏLİYEVA: Heydər Əliyev Fondu 2004-cü ildə yaradılmışdır. Onun işi həyatın bütün sahələrini – təhsil, mədəniyyət, elm, xeyriyyəçilik, səhiyyə məsələlərini, indi isə həm də ekologiyanı əhatə edir.
Şəxsən mənə gəldikdə, bu Fond mənim ictimai fəaliyyətə öz töhfəmi vermək üçün böyük imkan deməkdir. Hesab edirəm ki, Azərbaycan gənclərinin hər bir nümayəndəsi bu işə müəyyən dərəcədə öz töhfəsini vermək istəyir. Əlbəttə, əgər fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm.
BMT RADİOSU: Fondun əsas layihələri barədə danışaydınız… Şəxsən Siz hansı layihələrlə fəxr edirsiniz?
LEYLA ƏLİYEVA: Layihələr çoxdur. Fond çoxsaylı mədəni tədbirlər, sərgilər, mühazirələr təşkil edir. Mənim sevimli layihələrimdən biri “Bakıya uçuş ” sərgisidir. Bu sərgidə Azərbaycandan olan 21 müasir rəssam iştirak edir. Sərgi iki il bundan əvvəl Londonda start götürmüş, sonra Parisə, Romaya, Vyanaya, Moskvaya uçmuş və Bakıda başa çatmışdır. Bu sərgi müasir Azərbaycan incəsənətini ilk dəfə dünya tamaşaçılarına çatdırmağa imkan verdi. Sərgiyə müsbət münasibəti görmək çox xoş idi.
Fondun səhiyyə və uşaqlarla iş sahəsində gördüyü bütün tədbirlər mənim üçün çox vacibdir. Hazırda talassemiya layihəsi məni daha çox narahat edir. Fond regionda ən böyük talassemiya mərkəzi tikmişdir. Təəssüf ki, bu xəstəlik Azərbaycanda da mövcuddur. Bununla əlaqədar yaxşı xəbər odur ki, yaxın vaxtlarda bu xəstəliklə bağlı dövlət proqramı hazırlanmışdır.
Çox vaxt elə olur ki, Fond müəyyən layihə üzərində işə başlayır, sonra dövlət də həmin fəaliyyətə qoşulur və nəticədə dövlət proqramı yaranır. Məsələn, Fond “Yenilənən Azərbaycana yeni məktəb ” proqramını başlamış, bu layihə çərçivəsində təxminən 400 məktəb tikilmiş və ya təmir edilmişdir. Dövlət bu proqramı davam etdirdi və Azərbaycanda 3 minə yaxın məktəb təmir edildi.
Fond Azərbaycandan başqa Türkiyədə, Gürcüstanda, Rumıniyada, Misirdə, zəlzələdən zərər çəkmiş Pakistanda da məktəblər tikmişdir, bu yaxınlarda Rusiyanın Ulyanovsk şəhərində məktəb istifadəyə verilmişdir.
BMT RADİOSU: Fond bir sıra ölkələrdə, o cümlədən Rusiyada işləyir. Bu yaxınlarda Siz Volqoqrad, Həştərxan vilayətlərinin həyatında fəal iştirakınıza görə medallar almısınız. Bu mükafatların nəyə görə alınması və Rusiyanın daha hansı regionları ilə işləməyiniz barədə ətraflı söhbət edə bilərdinizmi?
LEYLA ƏLİYEVA: Müqəddəs Knyagina Olqa ordeni almaq mənim üçün böyük şərəfdir. Həştərxanda iki dəfə olmuşam. Bu şəhərdə layihələrimiz çoxdur – orada park salmışıq, bir məktəb binasını rekonstruksiya etmişik. Azərbaycan ilə Rusiya arasında Dostluq Körpüsü açmışıq. Bu yaxınlarda Müqəddəs Mələksima knyaz Vladimirə abidə ucaltmışıq. Oradakı məbədə də qayğı göstəririk.
Əlbəttə, Rusiyanın Həştərxan vilayəti Azərbaycana yaxındır. Bizim ortaq cəhətlərimiz çoxdur. Hesab edirəm ki, ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə yönəlmiş tədbirlər daha çox keçirilməlidir. Ölkələrimizi bir-birinə bağlayan mehriban qonşuluq münasibətləri çoxillik tarixə malikdir. Bu adi insani münasibətlər əsasında çox şey qurulur.
Bir də, əlbəttə, mədəni mübadilə. Azərbaycanda rus ədəbiyyatını, rus mədəniyyətini, rus dilini yaxşı bilirlər. Azərbaycan bəlkə də yeganə MDB ölkəsidir ki, məktəblərdə rus dilinin öyrənilməsi praktiki olaraq əvvəlki həcmdə qalmışdır. Bizdə Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu yaxınlarda Moskva Dövlət Universitetinin Bakı filialı açılmışdır. Bu həm də ona görə çox qiymətlidir ki, mənim fikrimcə, rus dili dünyada ən zəngin dillərdən biridir. Buna görə də rus dilinin qorunub saxlanması çox vacibdir.
BMT RADİOSU: Siz Fondun Rusiyadakı fəaliyyətini xatırlatdınız. Bu il Fond öz yubileyini -10 yaşını bayram edir. Səhiyyə barədə danışmalı olsaq məlumdur ki, Siz Heydər Əliyev Fondu xətti ilə HİV-in profilaktikası məsələləri ilə çox fəal məşğul olursunuz. Fondun mövcud olduğu müddətdə bu istiqamətdə hansı nəticələrə nail ola bilmisiniz?
LEYLA ƏLİYEVA: Bəli, bu, müasir dünyada ən vacib məsələlərdən biridir. Mənim fikrimcə, ilk növbədə maariflənmə imkanı təmin edilməlidir. İnsanlar bu barədə məlumat almalıdırlar, Onlar bunu bilməli və bu barədə düşünməlidirlər.
Heydər Əliyev Fondu “Uşaq göy qurşağı ” layihəsini həyata keçirmiş, bununla əlaqədar HİV infeksiyası barədə uşaqlar üçün mühazirələr oxunmuşdur. Bizim Fond “B ” hepatiti və HİV ilə bağlı müayinələr aparan Vişnevskaya-Rostropoviç Fondunu da dəstəkləyir. QİÇS sahəsində Rusiyanın Azərbaycanlı Gənclər Birliyi -RAGB çox fəal iş aparır. Fəallarımız müxtəlif universitetlərdə mühazirələr oxuyurlar, Rusiyanın müxtəlif regionlarında bu mövzuda konfranslar da təşkil etmişik.
Biz hər il “Qanın milləti yoxdur ” aksiyası keçiririk, həmin aksiya çərçivəsində azərbaycanlı gənclər Rusiyada təmənnasız olaraq qan verirlər. Bizim “Sağlam olmağını yəqin et, xəstəliyə “yox ” de ” şüarı altında layihəmiz də olmuşdur. Həmin gün hər bir insan pulsuz müayinə oluna bilər.
BMT RADİOSU: İlin əvvəlində Siz Nayrobidə olmusunuz. BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) rəhbəri Axim Ştayner ilə görüşmüsünüz. Səfərinizin yekunları və prinsip etibarilə nə haqda razılığa gəlməyiniz barədə bir qədər ətraflı danışa bilərdinizmi?
LEYLA ƏLİYEVA: Bu, mənim Afrikaya ilk səfərim idi. İDEA (International Dialogue for Environmental Action) kampaniyası yaranan vaxtdan artıq üç ildir ki, ekologiya ilə məşğul oluram. Bu kampaniyanın əsas məqsədi ətraf mühitin qorunmasıdır. Kampaniya regionumuzda gənclərlə işə istiqamətlənmişdir. Biz bütün layihələrimizə kreativ yanaşmağa çalışırıq.
Artıq çoxsaylı layihələr həyata keçirmişik. Azərbaycanda üç milyon ağac əkilməsi bizim əsas layihələr sırasına aid edilə bilər. Bu, ölkəmizdə üç milyon gənc yaşamasının rəmzidir.
Daha bir layihəmiz quşlar üçün yuvalar qurulması ilə bağlıdır. Əvvəlcə Qız Qalasında – Azərbaycanın rəmzi sayılan bu abidədə quş yuvaları vardı. Qız Qalasında yenidənqurma işləri başlananda anladıq ki, quşlar salamat qala bilməyəcəklər. Buna görə də biz həmin qalanın lap qarşısında, üzərində quş yuvaları qurulmuş bir art-obyekt ucaltdıq və quşlar həmin yuvalara köçdülər. Bizim ideyalarımız çoxdur. Əsas istiqamətlərdən biri – nəsli kəsilmək təhlükəsi olan heyvanların müdafiəsidir.
May ayında pişikkimilər fəsiləsinin qorunmasına həsr edilmiş böyük bir konfrans keçiriləcəkdir. Azərbaycanda Qafqaz bəbiri yaşayır. Bu heyvanın nəslinin kəsilməsi təhlükəsi var. Çətinlik onunla bağlıdır ki, bu heyvanı böyüdüb ətraf mühitə buraxsaq, o, salamat qalmayacaq. Buna görə biz indi bütün dünyadan ekspertləri dəvət edirik ki, bu problemin həlli barədə düşünsünlər. Biz zubrun və Qafqaz bəbirinin qorunması istiqamətində Rusiyanın Vəhşi Təbiət Fondu ilə fəal iş aparırıq.
Keniya səfəri ilə bağlı unudulmaz təəssüratlarım var. Bu səfərdən sonra başa düşürsən ki, hər yerin təbiəti qiymətlidir. Azərbaycana qayıdandan sonra başa düşürsən ki, bizdə hər şey tamam başqadır. Dünyadakı 11 iqlim qurşağının 9-u bizim ölkəmizdə var. İnsanların kifayət qədər bilikli, savadlı olması, bunun nə dərəcədə qiymətli olduğunu başa düşmələri çox vacibdir.
BMT RADİOSU: Məlumdur ki, Azərbaycanda ətraf mühitə hətta məktəblər səviyyəsində böyük diqqət yetirilir.
LEYLA ƏLİYEVA: Bəli, bu, həqiqətən belədir. İDEA layihəsi çərçivəsində universitetlərdə və məktəblərdə ekoloji siniflər yaradılmışdır. İndi biz tələbələr üçün dərslik üzərində işləyirik. Bir də ki, bu məsələ hər bir uşaq üçün maraqlıdır. Bəli, biz çox problemlər haqqında fikirləşirik, lakin bu, harada yaşamasından asılı olmayaraq hər bir insana aiddir. Bizim hətta belə bir şüarımız var: “Bir planet – bir gələcək “.
BMT RADİOSU: Siz ictimai fəaliyyətinizlə yanaşı, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinə – RAGB-yə rəhbərlik edirsiniz. Yaxın vaxtlarda Siz Reza Deqatinin tolerantlığa həsr edilmiş sərgisini açmışdınız. Fikrinizcə, Azərbaycan və Rusiya xalqları arasında tolerantlıq məsələlərinin daha yaxşı başa düşülməsi üçün daha hansı addımları atmaq olar?
LEYLA ƏLİYEVA: Bu sərgi çox uğurlu oldu. O, Yəhudi muzeyində və tolerantlıq mərkəzində təşkil edilmişdi. Tolerantlıq bizim üçün qürur mənbəyi deyil, bu, bizim həyat tərzimizdir, normadır, ona görə ki, burada tarixən müxtəlif xalqları, müxtəlif dinləri təmsil edən insanlar yaşayır.
Bizdə atəşpərəstlik, zərdüştilik olmuşdu. Xristianlıq Azərbaycana IV əsrdə, islam VIII əsrdə gəlmişdir, iudaizm iki min illik tarixə malikdir. Bu gün Azərbaycanda məscidlər, sinaqoqlar, kilsələr, atəşpərəst məbədləri vardır. Onlar hamısı bir-birinin yaxınlığında yerləşir. Bizdə müxtəlif dillərdə danışırlar. Azərbaycanda 21 qeyri-müsəlman dini icma vardır.
Bu, çox vacib və qiymətlidir. Təəssüf ki, müasir dünyada fikir ayrılıqları, münaqişələr bəzən məhz bir-birini qəbul etmək və anlamaq arzusunun olmaması üzündən yaranır. Buna görə də hesab edirəm ki, Azərbaycan müəyyən mənada model rolu oynaya bilər. Əlbəttə, belə bir tədbirin Rusiyada keçirilməsi çox önəmli idi, ona görə ki, bizim ümumi cəhətlərimiz çoxdur, Rusiyada 100-ə yaxın müxtəlif xalqların və dinlərin nümayəndələri yaşayır, bunu qoruyub saxlamaq çox vacibdir.
/trend/