lham Əliyev: Biz sizi sevindirəcəyik

“Vaxtımız azdır”…

“Vaxtımız azdır”.

Bizim Avropa və dünya çempionatlarının keçirilməsində təcrübəmiz var. Bu tədbirlər Azərbaycanda dəfələrlə keçirilib. Lakin əlbəttə ki, gələn il keçiriləcək Avropa Oyunları bizim üçün ən yüksək səviyyəli idman hadisəsinə çevriləcək.

Oxu.Az xəbər verir ki, bunu noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Fərəhlənirik ki, ilk Avropa Oyunları məhz Azərbaycanda keçiriləcək, deyə, İ.Əliyev vurğulayıb.

“Deyə bilərəm ki, biz sizi sevindirəcəyik və bu Oyunların ən yüksək səviyyədə hazırlanması və keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Baxmayaraq ki, vaxtımız azdır. Hazırlıqlar üçün cəmi iki il yarım vaxt ayrılmışdır. Lakin xoşbəxtlikdən əvvəlki illərdə idman infrastrukturuna qoyulmuş sərmayələr bir neçə ay ərzində hazır olmaq imkanı yaratdı. Əlbəttə ki, bu, Avropada və bütün dünyada nadir hadisə olacaq.

Hesab edirəm ki, biz bu Oyunların keçirilməsində standartları müəyyən edəcəyik. Yəqin artıq bilirsiniz ki, Oyunlarda 20 idman növü üzrə 6 mindən çox idmançı iştirak edəcək. 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu da çox rəmzidir. Eyni ölkədə, eyni şəhərdə iki ildə siz Avropa Oyunlarını, sonra isə İslam Həmrəyliyi Oyunlarını seyr edəcəksiniz. Bu, Azərbaycanın bugünkü reallığını əks etdirir.

Prezidentin bildirdiyinə görə, Azərbaycan müasir və dinamikdir, əməkdaşlığa açıqdır, sivilizasiyaların və qitələrin kəsişməsində yerləşir, yaxşı potensiala, güclü dəstəyə və gələcək üçün aydın planlara malikdir.

 

/Oxu.az/