Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verməyə hazırdır

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan litvalı həmkarı Linas Linkeviçiusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib…

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan litvalı həmkarı Linas Linkeviçiusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu və əsas beynəlxalq məsələlər üzrə ölkələrimizin mövqeyinin yaxın olduğunu qeyd edərək, iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

İki ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən litvalı nazir ölkəmizin Litvanın Cənubi Qafqaz regionda əsas ticarət tərəfdaşı olduğunu diqqətə çatdırıb. O, bu səfər çərçivəsində Azərbaycanla Litva arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın dördüncü iclasının keçirilməsinin məmnunluq doğurduğunu bildirib.

Avropa İttifaqı ilə əməkdaşlıq və Şərq Tərəfaşlığı proqramına toxunan L.Linkeviçius ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesinin cari durumu haqqında məlumat verərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Görüş əsnasında elm-təhsil, mədəniyyət, idman və digər humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

 

/Trend/