Litva ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaq üçün 6 elmi məqalə tanınmış jurnallarda dərc ediləcək

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev ölkəmizdə səfərdə olan “Geosiyasi Araşdırmalar Mərkəzi “nin nümayəndə heyəti ilə görüşüb…

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev ölkəmizdə səfərdə olan “Geosiyasi Araşdırmalar Mərkəzi “nin nümayəndə heyəti ilə görüşüb.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təşkilatın sədri Qreta Monika Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində icra etdikləri “Xocalı haqqında məlumat və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Litva ictimaiyyətinin rəyi ” layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verib. Nümayəndə heyətinə jurnalistika, politologiya, tarix və s. sahələri əhatə edən elmi tədqiqatçılar daxildir. Mərkəzin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Litva ictimaiyyətini obyektiv məlumatlandırmaq üçün ingilis və litva dillərində 6 elmi məqalənin hazırlanacağını və tanınmış jurnallarda dərc ediləcəyini bildirib. Sonra bu elmi məqalələr toplanıb kitab halında çap edilərək Litvanın universtetlərinə, kitabxanalarına və siyasətçilərə paylanacaq. Kitabın ingilis dili variantı isə avropalı siyasətçilərə, Avropa Parlamentinin üzvlərinə və kitabxanalara göndəriləcək. Q.Monika bu kitabdan gələcəkdə Litvanın gənc nəslinin nümayəndələrinin Qarabağ münaqişəsi haqqında elmi vəsait kimi istifadə edə biləcəklərini qeyd edib.

Şura sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin Avropanın vətəndaş cəmiyyəti qurumu tərəfindən gündəmə gətirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. A.Quliyev layihənin icrasının Litva və Avropa ictimaiyyətində münaqişə haqqında dürüst və müfəssəl rəyin formalaşmasına xidmət edəcəyini vurğulayıb.

Görüşdə iştirak edən Milli Məclisin deputatı, “Qarabağın Azərbaycanlı İcması ” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev Qarabağ münaqişəsinin tarixinə geniş ekskursiya edərək Azərbaycan torpaqlarının işğalında və çoxsaylı insan qətllərində hazırkı Ermənistan rəhbərliyinin də iştirakını konkret faktlarla qonaqların diqqətinə çatdırıb. Münaqişə nəticəsində 20.000-dən artıq azərbaycanlının qətlə yetirildiyini, on minlərlə soydaşımızın isə əlil olduğunu qeyd edən millət vəkili Litva ictimaiyyətinin bu həqiqətləri bilməsinin vacibliyini vurğulayıb.

R.Rzayev ATƏT-in faktaraşdırıcı missiyasının Suriyadan köçürülən 200-dək erməni ailəsinin Qarabağda yerləşdirilməsini aşkarladığını da vurğulayaraq Ermənistanın münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda qeyri-konstruktiv mövqe tutduğunu söyləyib.
Təşkilatın layihənin icrası zamanı Qarabağ münaqişəsinə dair BMT-nin qəbul etdiyi 4 qətnamədən çıxış edərək hazırlayacaqları həll modelinin dünyadakı digər analoji konfliktlərin də çözülməsində beynəlxalq hüquq normaları baxımından faydalı ola biləcəyini deyib.

Görüşün sonunda “Geosiyasi Araşdırmalar Mərkəzi “nin nümayəndə heyətinin sualları cavablandırılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, Mərkəzin nümayəndələri səfər proqramı çərçivəsində Qarabağın azərbaycanlı icması, ADA, Xocalının millət vəkili və bu şəhərdən olan hər iki valideynini itirmiş şəxslərlədə görüş keçirəcək.

 

/Trend/