Londonda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

London, 18 yanvar (AzərTAc). Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.

Tədbirdə səfirliyin əməkdaşları, Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının, Britaniya ictimaiyyətinin nümayəndələri iştirak etmişlər…

London, 18 yanvar (AzərTAc). Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.

Tədbirdə səfirliyin əməkdaşları, Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının, Britaniya ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Səfirliyin birinci katibi Vüsal Abdullayev bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlarda qalmışdır. Həmin gün Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Ona görə də 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.

Londonda fəaliyyət göstərən “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzi idarə heyətinin sədri Əli Təkin Atalar 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsindən danışmışdır. Bildirilmişdir ki, Azərbaycan xalqı 20 Yanvar faciəsi zamanı hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirmişdir. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlıqları, igidlikləri ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazmışlar. Bu gün də Azərbaycan xalqı canlarından keçən övladları ilə fəxr edir.

Vurğulanmışdır ki, xalqımızın qan yaddaşına hopmuş 20 Yanvar, eyni zamanda, qəhrəmanlıq səhifəsidir. Biz qanlı Yanvarı milli hüzn günü kimi qeyd etsək də, o gecəni həm də iftixar hissi ilə xatırlayırıq.

“Azərbaycan Evi”nin nümayəndəsi və 20 Yanvar hadisələrinin şahidi Fəridə Pənahova faciənin baş vermə səbəbləri, o dövrdə sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələri haqqında danışmışdır. F.Pənahova bu günün Azərbaycanın tarixində, ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi mühüm əhəmiyyətini vurğulamışdır. Bu dəhşətli faciənin xalqımızın yaddaşından heç zaman silinməyəcəyi qeyd etmişdir.

Tədbirdə xüsusi vurğulanmışdır ki, Azərbaycan xalqı 20 Yanvar qurbanlarının xatirəsini həmişə əziz tutur. Ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı mütəmadi olaraq tədbirlər həyata keçirilir, onlara lazımi diqqət və qayğı göstərilir.

Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı fotosərgi və sənədli film nümayiş etdirilmişdir.

Sonda ehsan süfrəsi açılmışdır.

/azertac/