Məhəmməd Füzuli – 520

Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilib…

Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilib.

Məhəmməd Füzuli görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiridir. Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində 1494-cü ildə  doğulduğu məlumdur.

Oxu.Az xəbər verir ki, Füzuli ilk təhsilini Kərbəlada alıb, Bağdadda davam etdirib. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşayıb. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olub, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənib.

“Bəngü Badə” (“Tiryək və Şərab”) əsərini Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərib.

Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşüb, “Leyli və Məcnun” (1537) əsərini də “Rum zərifləri” adlandırdığı bu sənətkarların xahişi ilə qələmə alıb.

Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazıb. Fəlsəfi mahiyyətli qəsidələri, “Yeddi cam”, “Ənisül-qəlb”, “Səhhət və Mərəz” əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salıb, türk, fars və ərəb dillərində divanlar tərtib edib.

Yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyata gətirdiyi “Leyli və Məcnun” mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı “Mətləül-etiqad” əsərində əksini tapıb. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənib. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.

Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şeirin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırıb, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərib, ədəbi məktəb yaradıb. Onun əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr etdirilib, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilib.

Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat edib, orada da dəfn olunub.

Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilib. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunub.

www.oxu.az