Mərkəzi Bank: Azərbaycan strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti üzrə dünyanın ilk 20 ölkəsi sırasına daxildir

2013-cü ilin yekunları üzrə Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti dəyişməyib və təxminən 70%-ə yaxındır…

2013-cü ilin yekunları üzrə Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti dəyişməyib və təxminən 70%-ə yaxındır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin yekunları üzrə pul siyasəti haqqında hesabatında deyilir.

2012-ci ilin yekunları üzrə də həmin göstərici bu səviyyədə olub. 2011-ci ildə strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 64 faiz, 2010-cu ildə 58 faiz, 2009-cu ildə 47 faiz və 2008-ci ildə 37 faiz olub.

AMB-nin hesabatında deyilir ki, bu göstəriciyə görə Azərbaycan dünyada ilk 20-likdədir. Valyuta ehtiyatlarının yüksək artım templəri güclü makroiqtisadi buferin formalaşdırılması və ölkə iqtisadiyyatının xarici böhran təzahürlərinə həssaslığının azalması üçün əsas faktor oldu.

Hesabta əsasən, 2013-cü ildə ölkənin strateji valyuta ehtiyatları 4,1milyard dollar və ya 9% artaraq 50 milyard dolları ötüb ki, bu da təqribən 3 illik mal və xidmətlərin idxalına kifayət edir: “Eyni zamanda strateji valyuta ehtiyatları xarici dövlət borcundan təqribən 9 dəfə çoxdur “.

AMB-nin valyuta ehtiyatları isə ilin əvvəlindən 21% artaraq 14,1 milyard dollar olub ki, bu da 9 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayətdir: “Əvvəlki illərdə olduğu kimi 2013-cü ildə ölkənin xarici mövqeyi əlverişli olub “.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına əsasən 2013-cü ildə xarici ticarət dövriyyəsi 34,7 milyard dollar təşkil edib ki, bundan da 24 milyard dolları ixracın, 10,7 milyard dolları isə idxalın payına düşür.

Hesabata əsasən, 2013-cü ildə xarici ticarət balansının profisiti 13,3 milyard dollar olub, ixrac idxalı 2,2 dəfə üstələyib: “İxracın 48%-i Avropa İttifaqı (Aİ) ölkələri, 6,3%-i MDB, qalan hissəsi isə digər ölkələrə yönəlib. İdxalın isə 35,1%-i Aİ, 23,8%-i MDB və qalan hissəsi digər ölkələrin payına düşüb “.

DSK-nın məlumatına əsasən yanvar-noyabr aylarında qeyri-neft ixracının həcmi 1,6 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4% çoxdur: “Dövr ərzində ixracın ən yüksək aylıq həddi fevral ayına (orta aylıq ixracdan 13% çox), idxalda isə may ayına (orta aylıq idxaldan 36% çox) təsadüf edib “.

 

İxracın ən aşağı aylıq həddi iyun ayında (orta aylıq ixracdan 20% az), idxalda isə yanvar ayında (orta aylıq idxaldan 30% az) qeydə alınıb. İxracda yüksək templə artan mallara misal kimi maye qaz, pambıq ipliyi, tərəvəz, polietilen, şəkər və s. göstərmək olar. İdxalı artan mallara isə mal əti, kartof, sement, polad, metal, buğda, çay və s. aiddir.

Ümumilikdə bir sıra yeyinti məhsullarının idxalında azalmanın qeydə alınması daxili istehsalın genişlənməsinin göstəricisidir. Belə ki, cari ildə əksər kənd təsərrüfatı (bostan məhsulları, tərəvəz, meyvə və giləmeyvə) və bəzi yeyinti məhsulları üzrə özünü təmin etmə səviyyəsi 100% olub.

2013-cü ildə ixrac qiymətləri əsas etibarilə energetika məhsullarının dünya qiymətlərinin dəyişiminin təsiri altında dəyişib. İdxal olunan istehlak və investisiya məhsullarının qiymətləri demək olar ki, sabit qalmış, aralıq məhsullar isə cüzi bahalaşıb.

2013-cü ildə ölkədə cari əməliyyatlar balansının profisitinin ÜDM-in təxminən 16-17%- ni təşkil edəcəyi gözlənilir. Ölkə bu göstəriciyə görə MDB-də liderdir və İEOÖ arasında ən qabaqcıl yerlərdən birini tutur.

DSK-nın məlumatına görə ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyaların həcmi 2013-cü ildə 28%-dən çox artaraq 5,3 mlrd. dollar təşkil edib.

/Trend/